Tahir Süleymanov: “Haqqımda yayılanlar iftiradır, cəfəngiyyatdır” AÇIQLAMA

Tahir Süleymanov: “Haqqımda yayılanlar iftiradır, cəfəngiyyatdır” AÇIQLAMA

"Ümumiyyətlə, haqqımda yayılan bütün məlumatlar cəfəngiyyatdır. Bunun arxasında birmənalı şəkildə sifariş dayanır. Bu, kimlərinsə marağına xidmət edən çəkilişlər və məlumatlardır. Bunlar bir növ mənim işgüzar və deputatlıq ləyaqətimi aşağı salmaq üçün atılan addımlardır". Bunu SİA-ya millət vəkili Tahir Süleymanov sosial şəbəkədə onun haqqında yayılan böhtanlara münasibət bildirərkən deyib.

"Mən Şabran rayonundanam. Artıq 4-cü çağırışdır ki, Milli Məclisin üzvüyəm. Millət vəkili olduğum illərə qədər də mənim rayon ərazisində kifayət qədər nüfuzum, hörmətim olub. Sirr deyil ki, bu dövrə qədər hər şeyə nail olmuşam. Hətta bizneslə də məşğul idim. Deputatlıq fəaliyyətimə qədər mənim yaşayış mənzilim və əmlakım olub. Milli Məclisin üzvü kimi fəaliyyətə başladığım dövrdə isə artıq kommersiya fəaliyyəti göstərmirəm, əksinə seçicilərimə, sakinlərə kömək etməklə məşğulam. Kimin nə deməsindən asılı olmayaraq haqqımda söylənilənlər iftiradır, böhtandır və şantajdır" – deyə, Tahir Süleymanov bildirib.

Deputat deyib ki, bu gün inkişaf etmiş Azərbaycanda normal şəkildə müxtəlif biznes fəaliyyəti ilə məşğul olan hər bir insan özü üçün əlverişli güzəran yaradıb və mənim sahib olduğum mənzillər kimi evlər inşa etdirə bilir: "Sahib olduğum mülk heç də təmtəraqlı villa deyil. Bu gün Azərbaycanda yüzlərlə, minlərlə bu formada evlər var. Burada qeyri-adi heç bir şey yoxdur. Bütün bunlar mənim deputatlıq fəaliyyətimə qədər olan şəxsi mülkümdür. Bu mənada hesab edirəm ki, həmin insanlar gedib öz işləri ilə məşğul olsunlar və həyatlarını başqaları ilə mübarizəyə həsr etməsinlər".

Məsciddəki azan səsinə gəldikdə isə qeyd edim ki, ümumiyyətlə, mən həm deputatlıq dövrümdə, həm də ondan sonrakı illərdə daim Şabranın özündə, şəhərin müxtəlif yerlərində, kəndlərində məscidlərin yenidən qurulmasına, qəbiristanlıqların abadlaşdırılmasına kifayət qədər vəsait qoymuşam və yaxından köməklik göstərmişəm: "Ümumiyyətlə, azan hər bir müsəlmanın ana laylası qədər müqəddəsdir. Mən azan səsi veriləndə hesab edirəm ki, bir ana laylası ilə yatıram, oyanıram. Azan səsi insanın ruhunu oxşayan yeganə bir səsdir ki, orada ürəyə yatımlılıq var. Ona görə də azandan hansısa müsəlmanın xoşunun gəlməməsinə inanmıram. Qonşuluqda olan məscidə gəlincə isə mən artıq onun yenidən restavrasiya olunması ilə bağlı məsələ qaldırmışam. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə