Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvlərindən də münasibət bildirilib.
"Taleh Bağırzadə kimilərindən maşa kimi istifadə edirlər"
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Taleh Bağırzadə kimilər antimilli qüvvələrdir və onların xaricdən dəstəklənməsi hər kəsə məlumdur: "Dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən qüvvələr Taleh Bağırzadə kimilərindən öz maşaları kimi istifadə edirlər. Belə olan halda, həmin qüvvələr ölkəmizin milli-maraqlarını qoruya bilərmi? Əlbəttə xeyr. Buna görə də bəzi qüvvələr əllərində saxladıqları alətləri müdafiə edərək onlara haqq qazandırmağa çalışırlar".
M. İbrahimqızı qeyd edib ki, bu cür qüvvələr zaman-zaman Azərbaycanda ictimai sabitliyi pozmağa cəhd etsələr də buna nail ola bilməyiblər: "Azərbaycanda mövcud olan ictimai sabitlik sayəsində ölkəmiz böyük inkişafa nail olub. Bunu pozmaq qeyri-mümkündür. Azərbaycan inkişaf etmiş ölkələr arasında öz sözünü deməyi bacarır. Bunu gözü götürməyən qüvvələr üzərilərinə götürdükləri öhdəliyə uyğun olaraq ölkəmizdə ajiotaj, dövlət üçün müxtəlif problem yaratmaq istəyirlər. Onların arxasında çirkli, qaranlıq dairələr dayanır. Bütün hallarda onların niyyətləri baş tutmayacaq. Həm antimilli qüvvələr, həm də onların havadarları birmənalı şəkildə bilmədir ki, Azərbaycan bu niyyət, layihə həyata keçirilə bilməz. Çünki, Azərbaycan xalqı öz taleyini 1993-cü ildə Ulu Öndər Heydər Əliyev siyasətinə, hazırda da bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə bağlayıb. Bu cür qüvvələr Azərbaycanda azlıq təşkil etsə də, hər bir vətəndaşımız ayıq olmalı, Ukraynada, Gürcüstanda, Suriyada, Yaxın Şərqdə eləcədə qardaş ölkə olan Türkiyədə baş verənlər Azərbaycanda olmasına imkan verməməlidir".
"Azərbaycanın hüquq sistemi ölkəmizin milli maraqlarına qarşı çıxanları cəzalandırmağa qadirdir"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, Taleh Bağırzadə kimilərin davranışları, baş verən hadisələrə münasibəti xaricdəki mərkəzlərdən idarə olunur: "Onların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və Azərbaycanı xarici mərkəzlərin poliqonuna çevirməkdir. Onların fəaliyyətinin bir növ koordinasiyası isə bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayısı yolla yenə anti-azərbaycançı mərkəzlər tərəfindən olunur. Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi anti-azərbaycançı siyasətin tərkib hissəsidir. Biz çox hallarda görürük ki, prinsipial məqamlarda hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə kordinasiya edilir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da, Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadir və qabildir".
"Taleh Bağırzadə xəyanətkar, riyakar, cahil və din pərdəsi altında gizlənən ən böyük şeytandır"
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, anti-Azərbaycan dairələri öz sözlərini Taleh Bağırzadənin dili ilə ictimailəşdirməyə çalışırlar: "Hazırda Taleh Bağırzadənin məhkəməsi gedir və biz bu məhkəmə prosesində də onun növbəti dəfə simasızlığının, riyakarlığının şahidi olmaqdayıq. O, məhkəmə prosesində guya ən dəhşətli işgəncələrə məruz qaldığını iddia etdi və onun ətrafı bu məsələdə süni səs-küy yaratmağa cəhdlər göstərdilər. Lakin Azərbaycan demokratik, modern və dünyəvi dövlətdir, heç bir məhkəmə, istintaq proseslərində bu cür hallara yol verilmir. Bu kimi iddialar sadəcə absurd fikirlərdir. Taleh Bağırzadənin çıxışlarından da görünür ki, o, qaranlıq xarici siyasi dairələr tərəfindən idarə olunur, onların maraqlarının təmin olunmasına cəhdlər göstərir və özünü bu dairələrin sözçüsü kimi təqdim edir. Ona görə də Tale Bağırzadənin oynadığı oyunlara, çıxardığı "teatr tamaşalarına" baxdıqda müəyyən etmək olar ki, o, bəzi beynəlxalq təşkilatların dili ilə Azərbaycana qarşı istifadə olunan bütün mənfi fikirləri vasitəsi hesabına gündəmdə qalmağa çalışır. Hətta o məhkəmədə belə öz əməllərindən əl çəkmir, kimlərinsə sifarişlərini yerinə yetirməyə cəhd göstərir".
Taleh Bağırzadənin din faktorundan sui-istifadə etdiyini deyə B.Quliyev qeyd edib ki, onun əməllərinin heç birinin dinlə əlaqəsi yoxdur: "Dində, müsəlmançılıqda, müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilmir ki, sən yaşadığın mənzilini silah-sursat anbarına çevirərək, dövlətçilik maraqlarına qarşı çıxış et və kiminsə qanına bais ol. Bu onun göstəricisidir ki, Bağırzadənin yaratdığı "hərəkat", törətdiyi əməllər, müxtəlif insanlara qarşı törətdiyi terror və təxribatlar bilavasitə Azərbaycan dövlətinin maraqlarının əksinə hesablanmış mənfur addımdır. Təbii ki, belə hallar dində, xüsusilə İslam dinində yolverilməz hesab olunur. Ancaq təəssüflər olsun ki, o öz addımları ilə "din xadimi", "üləma" və "vətənpərvər azərbaycanlı" olduğunu nümayiş etdirməyə çalışır, ətrafa təsir göstərmək üçün teatr oyunçusu kimi "yanğı" ilə danışır. Taleh Bağırzadə xəyanətkar, riyakar, cahil və din pərdəsi altında gizlənən ən böyük şeytandır. Artıq ictimai rəy də şahidi olur ki, onun cinayətkar əməllərində İŞİD, Ən-Nusra, Əl-Qaidə kimi böyük terror təşkilatlarının simptomları görünür. Ümumiyyətlə, Taleh Bağırzadə portretinin cizgiləri məhz bu kimi amillər üzərində formalaşıb. Nardaran əhalisi də etiraf edib ki, onlar vaxtilə Taleh Bağırzadənin təsiri altına düşərək, bilmədən çox böyük bir oyunun oyunçusu və qurbanı olublar. Nardaran əhalisi məlum hadisələrin dinə, İslam mənəviyyatına qarşı göstərilən ən böyük hörmətsizlik olduğunu anlayıblar".
"Taleh Bağırzadə Nardaran əhalisinə qarşı zorakılıq edib"

Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev söyləyib ki, Taleh Bağırzadə məlum Naradaran hadisələri zamanı dövlət əleyhinə açıq-aşkar ifadələr səsləndirməklə yanaşı, öz çirkin niyyətini həyata keçirmək üçün oradakı günahsız insanlardan istifadə edib: "Bütün bunlar Azərbaycan qanunvericiliyin zidd olan hallardır. Həmin hadisələr zamanı Nardaran əhalisinə qarşı zorakılıq edilib, eləcə də silahlardan istifadə edilib. Bunun nəticəsində də sıravi insanlar eləcə də polis əməkdaşları həyatını itirmişdi. Belə bir insanın məhkəmə prosesində özünü müdafiə etmək hər hansı fikirlər söyləməsinin heç bir əsası yoxdur. Məhkəmə prosesi maddi sübutlar, şəhidlərin ifadəsi, araşdırmalar sayəsində həyata keçirilir. Kimin nə deməsindən asılı olmayaraq sonda məhkəmə hakimi sübutlara əsasən öz qiymətini verir. Bu məsələdə bütün sübutlar göz önündədir və düşünürəm ki, günahkar öz cəzasını alacaq".
"Dindarlar Taleh Bağırzadə kimilərini lənətləyir"
Din xadimi Hacı Mirrahib Abbasov qeyd edib ki, dindarın dövlətə qarşı çıxması yolverilməzdir: "Din pərdəsi altında öz siyasi məqsədlərini həyata keçirmək istəyənlərin özlərini dindar adlandırılması böyük günahdır. Taleh Bağırzadə Nardaran hadisələrində insanların ölümünə səbəb olub. Nardaranda ölənlərin günahı nə idi? Sözügedən şəxs artıq cinayətkardır. Taleh Bağırzadə Azərbaycan dövləti əleyhinə terrora cəhd göstərmək, ölkədə iğtişaşlar törətmək istəyib. Bu məsələdə isə din pərdəsindən istifadə olunub. Taleh Bağırzadə və onun ətrafında birləşmiş şəxslərin bu cür addımları terrora açıq çağırışdan başqa da bir şey deyil. Cümə namazlarında bir yerə yığılan dindarlar bu kimi insanları, onlarla eyni məqsədə malik olan İŞİD-i lənətləyir. Bizim arxamız, dayağımız, köməyimiz dövlətdir. İkinci biri ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB