"Konstitusiyaya ediləcək dəyişikliklər müsbət nəticələrini göstərəcək" AÇIQLAMA

"Konstitusiyaya ediləcək dəyişikliklər müsbət nəticələrini göstərəcək" AÇIQLAMA

"Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsi tərəfindən də dəstəkləndi. İndi isə söz xalqındır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən dəyişikliklər tezliklə öz müsbət nəticələrini göstərəcək: "Referendumu dövlət səviyyəsində islahatlar paketi də adlandırmaq olar. Ölkə Konstitusiya üzərində idarə olunur. Konstitusiyada dəyişikliyin yeganə yolu isə referendumdur. Təbii ki, Konstitusiya zənginləşə, dəyişə, zamanın tələbinə uyğunlaşdırıla bilər. Bu dövlətin özünün ixtiyarında olan məsələdir".

Ölkəmizdə vitse-prezident institutunun formalaşdırılması ilə bağlı fikirlərini bildirən millət vəkili söyləyib ki, bu, dövlət idarəçiliyinə müsbət təsir göstərəcək: "Ümumiyyətlə, bütün ölkələrdə iqtisadi siyasi islahatlara hər zaman ehtiyac var. Təklif edilən dəyişiklikləri də həmin islahatların sırasına daxil etmək olar. Təbii ki, bu məsələlər əvvəlcədən ölçülüb-biçilərək, kifayət qədər müzakirə olunub. Yəni idarəçilikdə təcrübəsi olan, bu işi bilən insanların gəldiyi qənaətdir. Sözügedən dəyişikliklər idarə üsulunda olunan müsbət dəyişiklikdir".

Ediləcək dəyişikliklərdən sonra 18 yaşına çatan hər kəsin deputat seçilmək hüququ qazanması məsələsinə gəlincə, F. İbrahimli qeyd edib ki, əgər bir şəxs 18 yaşında vətəndaşlıq hüququ alırsa, onun seçib-seçilmək hüququ da olmalıdır: "Təbii ki, millət vəkili olmaq ağır məsuliyyətdir. 18 yaşında gənclərin deputat seçilmək hüququ qazanması, gənclərimizin önə çəkilməsi və gənc yaşında böyük siyasi təcrübə toplaması istiqamətində atılan addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə