"İfadə və media azadlığı" üzrə dəyirmi masa keçirilib SƏS TV

"İfadə və media azadlığı" üzrə dəyirmi masa keçirilib SƏS TV

Bu gün Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsi üzrə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç deyib ki, Avropa Şurası media plüralizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. O qeyd edib ki, Avropa Şurası bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq edir, "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi də bu istiqamətdədir: "Diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir".

Avropa Şurasının baş katibi T.Yaqland Avropa Şurasına üzv 47 dövləti bu barədə qanunu qəbul etməyə çağırıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib, ancaq diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələri qanunvericiliyi nəzərdən keçirməyə çağırıb".

Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx isə diqqətə çatdırıb ki, Avropa Şurası "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışır. O qeyd edib ki, jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub.

P.Pennikx bilddlirib ki, diffamasiya qanunları istisna hallarda tətbiq olunmalıdır: "Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar. Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər".

"Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunub, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilib, KİV azadlığının təmin edilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb". Bu fikirləri isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda medianın palitrası tam formalaşıb: "Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Avropa Şurası və Avropa İttifaqının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsinin də özünəməsxus yeri var. "Diffamasiya haqqında" qanun layihələri təşəbbüs kimi 2005, 2011 və 2013-cü illərdə hazırlanıb".

Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib: "2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyası hazırlanıb, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. 2009-cu ildə Azərbaycan Prezidenti jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Bu günə kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb".

Ə.Həsənov deyib ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir: "Bu müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalır. Əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var".

PA rəsmisi vurğulayıb ki, 2011-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq edib və həmin planda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi bəndi öz əksini tapıb: "Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "diffamasiya ili" elan etdi, jurnalist təşkilatları "Diffamasiya haqqında" Qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Milli Məclisə təqdim edilib. 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb: "Azərbaycanda heç bir jurnalist səsləndirdiyi fikirlərə görə həbs edilmir: "Demokratiya heç də ifadə azadlığından sui-istifadə demək deyil. Bu gün Avropa ölkələrində də diffamasiya mühiti yoxdur. Bir sıra ekspertlər Azərbaycanda diffamasiya haqqında qanun layihəsinin qəbulunun hələ tez olduğunu bildirirlər. Deputatlar arasında da bu qanun layihəsi ilə bağlı ortaq mövqeyə nail olunmayıb. Bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycan üçün hələ tez olduğu qənaətindədirlər".

Daha sonra tədbir digər çıxış edənlərin fikirləri ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə