Fəzail İbrahimli: “Forum mənfi düşüncələri alt-üst etdi” MÜNASİBƏT

Fəzail İbrahimli: “Forum mənfi düşüncələri alt-üst etdi” MÜNASİBƏT

"BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirən əsas mərkəzlərdən biridir". Bu fikirləri SİA-ya millət vəkili Fəzail İbrahimli forum haqında danışarkən deyib.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın imici, inkişafı və burada hökm sürən sabitliklə bağlıdır: "Bu cür tədbirlər siyasi cəhətdən sabit və belə geniş tədbirlərə ev sahibliyi etməyə qadir olan ölkələrdə keçirilir. Avropa Oyunlarından sonra ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı daha da artdı. Azərbaycan dünya dövlətlərinin boy sırasında daha öndədir deyə bilərik".

Millət vəkili bildirib ki, forumu dünyada mövcud problemlərin səsləndirilməsi və onların həlli istiqamətində geniş müzakirələrin aparılması üçün vacib platforma idi: "147 ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan forumda müxtəlif ölkələrin düşüncələri səsləndi. Azərbaycan dünyanın hər bir ölkəsində tanınmaq üçün fürsət əldə etdi. Tədbirdə iştirak edən xarici qonaqların hər biri ölkəmizin inkişafı, iqtisadi qüdrəti, gözəlliyi ilə bir daha tanış olmaq imkanı qazandılar. Xarici qonaqlar ölkəmizlə bağlı söylədiyi rəylərində Azərbaycana, Bakıya valeh olduqlarını qeyd etdilər. Onlar ölkəmizin qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Bununla da erməni lobbilərinin dünyaya Azərbaycan haqqında yaydıqları mənfi düşüncələri alt-üst oldu. Ən əsası isə indiyə qədər Dağlıq Qarabağ problemini dərindən duymayanlar, onun fəlsəfəsini başa düşməyənlər problemin nədən ibarət olduğunu öyrənərək, üzə çıxarmış oldular. Bütün bunları Dağlıq Qarabağla bağlı ideoloji müharibəmizdə böyük addım hesab etmək olar. Bütövlükdə isə forum dünyada gedən proseslərin təhlili, dəyişikliklərin aradan qaldırılması, baş verənlərin bölüşməsi, dünya dövlətlərinin bir sıraya gəlməsi baxımından forum böyük əhəmiyyətə malik idi".

Bütün xəbərlər Facebook səhifəmizdə