Elmar Məmmədyarov iki ölkənin əlaqələrini yüksək dəyərləndirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.

Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, tədbirin işini və məramını yüksək qiymətləndirib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə