“İlin sonuna kimi münaqişənin həlli gözlənilmir" MÜNASİBƏT

"Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xarici ölkələrdəki həmvətənlərin dəstəklənməsi üzrə komissiyası sədrinin birinci müavini, politoloq Sergey Markov Dağlıq Qarabağın işğaldan azad olunması prosesinin ilin sonuna qədər başlaya biləcəyi barədə proqnozlar verməsi problemin həllinin yaxında olmasından xəbər verir. Təbii ki, bu bəyanat Markovun şəxsi fikirləri kimi görünsə də, əslində Rusiya hakimiyyətinin bir mesajı kimi qəbul etmək olar. Bu, sadəcə təklif və problemin həllinin mümkünlüyünü barədə bir işarədir. Bu təklifin arxasında hansı şərtlərin dayanması və bu şərtlər qəbul olunduğu təqdirdə problemin həll edilməsi Azərbaycanın ərazi bütövlüyünə ziyan gətirməyəcəyinin qarantı vacib şərtlərdəndir". Bu fikirləri SİA-ya politoloq Vasif Əfəndiyev rus politoloq Sergey Markovun Dağlıq Qarabağ münaqişəsi barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Markov BMT Təhlükəsizilik Şurasının qətnamələrini və Madrid prinsiplərini gündəmə gətirməsi ilə yanaşı Kazan forumu əsasında danışıqların bərpa olunması istəyini dilə gətirib və həmin razılaşmada Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ətrafında 7 rayonundan 5-nin qaytarılmasını və əvəzində Ermənistanın iqtisadi təcriddən çıxması nəzərdə tutulur: "Lakin Rusiya tərəfi istənilən halda sülhməramlı qüvvələr adı ilə Qarabağda öz mövcudluğuna qanuni don geyindirmək niyyətini gizlətmir və bütün danışıqların məntiqi sonluğunu bunda görür. Hesab edirəm ki, Azərbaycan ərazisində hər hansı bir dövlətə təkbaşına sülhməramlı missiyasını yerinə yetirmək imkanı vermək olmaz. Əgər Azərbaycan hakimiyyəti belə bir qərara razılıq vermək niyyətində olsa, o zaman sülhməramlı qüvvələr adı altında Rusiya ilə yanaşı Türkiyə və Almaniyanın az saylı qüvvələrindən istifadə etmək olar. Bu qüvvələr isə patrul fəaliyyətli xarakterli hərbi texnikalarla təchiz edilməlidirlər ki, onların missiyası birdikdən sonra Azərbaycan ərazilərini tərk etməkdə çətinlik çəkməsinlər".

Vasif Əfəndiyevin fikrincə, Markovun fikirləri cazibədar və ilk görünüşdə Azərbaycanı qane edəcək kimi görünsə də, bu məsələnin ilin sonuna qədər həll olunacağı mümkün görünmür: "Azərbaycan dövləti torpaqlarını geri qaytarmaq əzmini bir dəfə də daha kəskin və davamlı nümayiş etdirməlidir. Kremldə oturan qüvvələr birdəfəlik anlasınlar ki, biz Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə