Lavrovun fikri nədir? HƏLL PAKETİ

Politoloq: “Bakının tələbini yerinə yetirmək lazımdır”
Lavrovun fikri nədir? HƏLL PAKETİ

"Dördgünlük lokal hərbi əməliyyatlara qədər səsimizi eşidən yox idi. İndi isə, rəsmi Bakı diktə edən tərəfə çevrilməkdədir". Bu fikirləri SİA-ya siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov Rusiya XİN rəhbəri Sergey Lavrovun irəli sürdüyü təklif paketi barədə danışarkən deyib.

O xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxması tələb olunur: "Həmçinin, ATƏT-in, Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri də mövcuddur. Münaqişə bu qərar və qətnamələrin əsasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Bu, Azərbaycanın rəsmi mövqeyidir"

Politoloqun fikrincə, cəbhədəki dördgünlük olaylar göstərdi ki, Azərbaycan kifayət qədər ciddi, güclü rəqibdir və rəsmi Bakının tələblərini yerinə yetirmək lazımdır: "Ard-arda Rusiyanın yüksək çinli nümayəndələrinin İrəvana və Bakıya səfər etmələri məsələnin çox ciddiliyindən xəbər verir. Lavrovun hər iki ölkəyə səfərində tərəflərə münaqişənin həlli ilə bağlı təklif paketi təqdim olunub. Dəqiqləşdirilmiş təfərrüatlar açıqlanmasa da ehtimal olunur ki, bir neçə rayonun Azərbaycana qaytarılması (ətraf rayonların qaytarılması müqabilində Azərbaycan Rusiyanın iştirak etdiyi hərbi və iqtisadi layihələrə qoşulmağa razılığını bildirir-red.), sülhməramlı qoşunların Dağlıq Qarabağa yerləşdirilməsi, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirilməsi nəzərdə tutulur. Məsələ Ermənistan tərəfi üçün o qədər kritikdir ki, bu ölkənin prezidenti Serj Sarkisyan məsləhətləşmələr üçün bir neçə gün əvvəl əzəli rəqiblərindən biri olan Ter-Petrosyanın evinə gedib. Əslində yeni bir şey yoxdur. Söhbət 2007-ci ildə qəbul edilmiş Madrid prinsiplərindən gedir. (2009-cu ildən Yenilənmiş Madrid prinsipləri-red.)

Zaur Məmmədov qeyd edib ki, ilkin mərhələdə ətraf rayonlar Azərbaycana geri qaytarılır: "Daha sonra isə, Dağlıq Qarabağda referendum keçirilir. Lakin, bu sənəddə tərəflərin qəbul etmədikləri bəndlər var. Bu, statusla bağlı və erməni qoşunlarının rayonlardan çıxması ilə bağlı bənddir".

Onun sözlərinə görə, Ermənistan hazırlanan planla razılaşmadığı üçün o illərdir ki, sənəd olaraq masada qalırdı: "Ordumuzun dörd gün ərzində İrəvana göz dağı verməsi onları Madrid prinsipləri ətrafında yenidən fikirləşməyə sövq edib. Rəsmi İrəvan anlamalıdır ki, ya torpaqları sülh yolu ilə Azərbaycana qaytarır, ya da güc yolu ilə biz torpaqlarımızı azad edəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrləri başda Rusiya olmaqla nəzərə almalıdırlar ki, Azərbaycanın güclü ordusu var və Xankəndini geri qaytarmaq, ordumuz üçün elə də çətin olmayacaq. Ona görə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək real addımlar ataraq, işğalçı İrəvana təzyiqlər etməlidirlər. Regionda müharibənin başlanması ilk növbədə Rusiyaya sərf etmir, çünki, bu sıradan bir müharibə olmayacaq. Məhz buna görə də münaqişənin güc fazasına keçməməsində ən maraqlı tərəf Rusiyadır. Regionda Rusiyanın öz maraqları var. Düşünürəm ki, Kremlin niyyəti 5 rayonu qaytarandan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələni dondurulmuş halda saxlayaraq hər iki ölkəyə təzyiq ricaqlarını əldən verməməkdir".

Zaur Məmmədov sonda qeyd edib ki, dördgünlük lokal əməliyyatlardan sonra, 20 ildən çox "məğlubedilməzik" eyforiyası ilə yaşayan ermənilər başa düşdülər ki, müharibə bitməyib və davam edir: "Milli Ordumuz lokal əməliyyatları ilə xalqımıza qələbə hissini yaşatdı. Hər kəs cəbhəyə qələbə arxasınca getmək istəyirdi. Biz başa düşdük ki, erməniləri asanlıqla məğlub etmək olar. Özümüzə inamımız artdı. Subyektiv fikrimi də bildirərək, demək istərdim ki, münaqişə ilə eyni yaşım var, amma, doğma cəmiyyətimi hələ bu qədər sevincli görməmişdim. İnanıram ki, bizim bu sevincimiz davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə