Analitik: “İşğalçını mükafatlandıran sülhə razı olmayacağıq” AÇIQLAMA

"Azərbaycan dövləti və ordusu illərdir ki, Ermənistan ilə ciddi fərq yaradacaq şəkildə güclənib. Ermənistan da bundan bərk narahatdır". Bu fikirləri SİA-ya açıqlamasında "Qafqaz" Beynəlxalq Münasibətlər və Stateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, analitik Araz Aslanlı deyib.

O bildirib ki, müharibənin ilk mərhələsindən fərqli olaraq sadəcə iqtisadi və hərbi amillər deyil, psixoloji amil və müəyyən dərəcədə siyasi amil də Ermənistanın əleyhinə olmağa başlayıb: "Məhz bu səbəblərdən Ermənistan artıq uzun müddətdir çalışır ki, Azərbaycanı provokasiyaya çəksin və Azərbaycanın da Gürcüstan və Ukraynanın yaşadığına bənzər aqibət yaşamasına nail olsun. Son proseslərdə Ermənistan tərəfi növbəti provokasiyalarından birinə əl atdı. Azərbaycan tərəfi buna cavab olaraq Ermənistan ordusuna zərbə endirdi və bəzi məntəqələri də işğaldan azad etdi. Azərbaycan ordusu isə həm bu provokasiyalara cavab verməlidir, həm də elə etməlidir ki, hadisələr Ermənistanın arzuladığı ssenari ilə inkişaf etməsin. Son proseslərin başlama və dayanma məqamlarında da buna diqqət edildi. Yəni, Azərbaycan gedişatdakı dəyişikliyi, əsaslı dəyişikliyə çevirə bildi. Təbii ki, özünə yanaşmanı da dəyişdirə bildi. Artıq Azərbaycan ilə məğlub dövlət kimi danışa bilməyəcəklər".

Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan sülh istəyir və bu doğru yanaşmadır: "Sülh beynəlxalq hüququn ən təməl dəyərlərindən biridir. Biz də sülh arzulayırıq. Amma daim bunu da qeyd edirik ki, bu sülhün şərtləri də beynəlxalq hüquqa uyğun olmalıdır. Ədalətli olmalıdır. İşğalçını mükafatlandıran bir sülhə razı olmayacağıq".

Araz Aslanlının fikrincə, Rusiya rəsmilərinin səfərləri normaldır: "Çünki regionun yaxın tarixinin böyük hissəsi bu ölkə ilə bağlıdır. Münaqişənin tarixinin bütün məqamlarında həlledici mövqeyə malik olan ölkə məhz Rusiya olub. 1994-cü ildəki atəşkəsin əldə olunması prosesində də belədir, 2008-ci ilin avqust hadisələrindən sonra Qarabağ probleminin nəzarətdə saxlanılması üçün səylərdə də. Təbii ki, indi də Rusiya müxtəlif səbəblərə görə daha xüsusi fəallıq göstərir. Həmsədrlərin səfərlərini də həm təbii, həm də o qədər də faydalı olmayan səfər kimi qiymətləndirirəm. Ümumilikdə isə bu səfərlər, keçirilən görüşlər və verilən açıqlamalarda mənim üçün xüsusi bir yenilik yoxdur. Ümumi nəticədə Qarabağ problemi baxımından da nəticə yaratmaq ehtimalının aşağı olduğunu düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...