Dövlət başçısı: "BMT TŞ Ermənistanı qətnamələri yerinə yetirməyə məcbur etməlidir"
"2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub və rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir". SİA-nın xəbərinə görə, bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: "Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç bir ölkə buna hazır deyildi. Biz bunun mənfi təsirlərini azaltmaq üçün fəal şəkildə işləməliydik. Hazırda ölkəmizdə maliyyə durumu sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq".
Prezident qeyd edib ki, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: "Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir".
Ölkə başçısı çıxışı zamanı vurğulayıb ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək: "Azərbaycan müstəqilliyin ilk illərində Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. İllər keçməsinə baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq. Ermənistan işğalı davam etdirdikcə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir".
Prezident İlham Əliyev bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir: "Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir. İşğal olunmuş ərazilərdə məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası da regiona etdiyi hər iki səfərində bunu təsdiq edib. Bu gün Yaxın Şərqdə də tarixi abidələrin dağıdılmasını müşahidə edirik. Ancaq bundan əvvəl Azərbaycanın tarixi abidələri dağıdılıb, zamanında bunun qarşısı alınmayıb".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisi 8 milyon nəfər olanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tənəzzüldə idi. Biz dövlətimizi qurduq, ölkəni sərmayələr üçün açıq elan etdik. Bu gün siyasi və iqtisadi islahatları davam etdiririk. Azərbaycanda siyasi, iqtisadi, dini azadlıqlar, ifadə azadlığı təmin edilib. Əhalinin 70 faizi internet istifadəçisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB