Siyavuş Novruzov: “Hesabat verməyən siyasi partiyalar cərimə olunacaq” MÜSAHİBƏ - SƏS TV

Siyavuş Novruzov: “Hesabat verməyən siyasi partiyalar cərimə olunacaq” MÜSAHİBƏ - SƏS TV

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının II iclası keçirildi. Prezident İlham Əliyev iclasda bildirdi ki, "Cənub" Qaz Dəhlizi təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Bəs siz, bu layihənin siyasi əhəmiyyəti barədə nələri söyləyə bilərsiniz?

- Sözün həqiqi mənasında "Cənub Qaz Dəhlizi" layihəsi strateji əhəmiyyətə malikdir. Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi, bir çox ölkələrin nazirlərinin bu tədbirdə iştirakı, cənab Prezidentin çıxışı, layihənin gələcəyi barədə söylədiyi fikirlər ictimaiyyətə də bəllidir. Əlavə olaraq demək istəyirəm ki, "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı çərçivəsində ən iri layihələrdən biridir. Bizim Avropa ölkələri, eləcə də Avropa Birliyinə daxil olan ölkələrlə bu kimi tərəfdaşlıqlarımız olub. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin çəkilişini və s. göstərə bilərik. "Cənub Qaz Dəhlizi"nin siyasi əhəmiyyəti isə daha genişdir. Çünki regionda, dünyada baş verən hadisələr bu layihənin əhəmiyyətini ikiqat artırır.

Layihə bir çox ölkələri əhatə edəcək. Bu layihə tək Cənubi Qafqaz dövlətləri üçün deyil, eyni zamanda Avropanın ayrı-ayrı dövlətlərinə və Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək. Nəzərə alsaq ki, gələcəkdə buna qoşula biləcək dövlətlər olacaq və onların sayı çoxalacaq. Artıq bir sıra dövlətlər öz bəyanatlarını verib. İrana tətbiq olunan embarqonun aradan götürülməsi ilə əlaqadar çox güman ki, bu layihə İranın da maraqlarına xidmət edə bilər. Eləcə də bura Türkmənistan və digər ölkələr də qoşula bilər. Bu, Avropanın böyük bir hissəsinin qaz asılılığından tamamilə xilası deməkdir.

- Hələ də siyasi partiyalar var ki, onlar Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı vermirlər. Niyə bu partiyalara qarşı bir ölçü götürülmür?

- Bununla əlaqədar olaraq sabah Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunacaq. Bildiyiniz kimi, qeyri-hökumət təşkilatları (QHT) öz hesabatlarını (ianələri, qrantlarını) Ədliyyə Nazirliyinə təqdim edirlər. Siyasi partiyalar - istər dövlət büdcəsindən maliyyələşənlər, istərsə də öz ianələri, üzvülük hesabına maliyyələşən təşkilatlar isə hesabatlarını MSK-ya təqdim etməlidirlər. Hər bir məsələ şəffaf olaraq həyata keçirilməlidir. O partiyalar ki, maliyyə mənbələrini gizlədirlər təbii ki, bu çox qaranlıq mənbələrdir. Belə olan məqamda isə bunu nə hüquqi, nə də digər məsələ ilə əsaslandırmağa imkanları olmur. Çünki hüquqi cəhətdən qanunda da təsbit olunub ki, onlar hesabatlarını təqdim etməlidirlər. Vətəndaş ödədiyi ianənin, üzvülük haqqının hara sərf olunduğunu bilməlidir. Həmçinin də ictimaiyyətin bu barədə məlumatı olmalıdır.

Hesabatı verməyən siyasi partiya ilk növbədə cərimə olunacaq. Əgər gələcəkdə belə hallar davamlı olacaqsa, biz növbəti dəfə qanunvericilikdə yeni addımlar atacağıq ki, onlar hesabatlarını təqdim etsinlər. MSK-nın bununla bağlı veb-saytında nəzərdə tutulub ki, istənilən bir vətəndaş istənilən partiyanın xərcləri, gəlirləri barədə məlumat alsın. Bəzi partiyalar var ki, onlar adi bir kağız göndədirlər. Halbuki həmin partiyanın aparatında xeyli sayda insan çalışır, özləri nəqliyyat vasitələrindən, cangüdənlərin xidmətindən istifadə edirlər, amma heç bir hesabat vermirlər. Təbii ki, bu da qaranlıq mənbələrdən xəbər verir. Aydın olur ki, bunun maliyyələşməsi sistemi Azərbaycanı istəməyən qüvvələr tərəfindən gedir. Beləcə, məlum olur ki, onlar Azərbaycan dövlətinə, xalqına deyil həmin qüvvələrə xidmət edirlər.

- Özləri böhran vəziyyətinə olan bəzi partiyalar "anti böhran" koalisiyası yaradıblar. Sizcə, bu təəccüb doğurmur?

- Hər bir siyasi partiyanın vəzifələrindən biri də müxtəlif alternativ layihələri təqdim etməkdir. Bu layihələr isə ondan ibarətdir ki, hökumətin görə bilmədiyi tərəfləri ola bilsin ki, onlar görsün və yaxud ona alternativ olaraq layihə təqdim etsin. Lakin bu partiyaların heç biri yazılı formada hər hansı bir proqram, layihə təqdim etməyiblər. Sadəcə olaraq toplantılar keçirib hökumətin ünvanına tənqidi fikirlər söyləyənlərdən iqtisadi, maliyyə əsası olan heç bir proqram gözləməyə də dəyməz. Çünki onlarda belə bir potensial da yoxdur. Bu şəxslər özlərini ictimaiyyətə canıyanan kimi göstərməyə çalışırlar. Biz elan etmişik ki, istənilən partiya öz layihələrini təqdim edə bilər. Bu günə qədər nə Prezident Administrasiyasına, Yeni Azərbaycan Partiyasına (YAP), nə də Milli Məclisə həmin partiyaların heç birindən bir vərəqlik də olsa təklif irəli sürülməyib. Belə olan halda axı hansı "anti böhran" koalisiyasından danışmaq olar? İkincisi, Azərbaycan iqtidarı, hökuməti bununla bağlı addımlarını atır. Sabah isə Milli Məclisə cənab Prezident İlham Əliyev tərəfindən 20-dən artıq iqtisadi bloku əhatə edən qanun layihəsi təqdim olunub. Bu layihə həm sahibkarlığın inkişafına, sahibkarlığa yaradılan və maneçilik törədə biləcək halların aradan qaldırılmasına, o cümlədən ayrı-ayrı sahələrdə maliyyə nəzarətinin gücləndirilməsinə həsr olunacaq. Hətta fevralın 3-də cənab Prezidentin bununla bağlı sərəncamı var idi. Artıq qanun layihələri tam şəkildə hazırlanıb və Milli Məclisə təqdim olunub.

- Yeri gəlmişkən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılının arzu və istəklərinin əksinə olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt onlarla görüşdən imtina etdi. Bunu həmin şəxslərə verilən dəyərsizliyin nəticəsi hesab etmək olar?

- Artıq onlar da bilir ki, Azərbaycan siyasi həyatında bu şəxslərin heç bir rolu və əhəmiyyəti yoxdur. Burada partiya adından danışmaq olmaz. Çünki partiya bir neçə yerə bölünüb. Partiya rəhbərliyinə hər tərəfdən iddialılar var. Məsələn, Müsavat iki hissəyə bölünüb. Partiyanın yaradıcılar bir tərəfdə qalıb, partiyaya haradansa saxta yolla üzvlər toplayaraq qurultay keçirib partiyanın möhürünü, atributlarını ələ keçirən qrup isə başqa tərəfdə qalıb. Eyni vəziyyəti də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaşayır. Onlarda da həmin məsələlər eyni qaydadadır.

O baxımdan da xaricdən gələn hər bir şəxs, beynəlxalq təşkilatların nümayəndələri də başa düşürlər ki, artıq burada heç bir islahat getmir, söz azadlığı boğulur, fikir plüralizminə imkan verilmir. Əgər kimsə hansısa tənqidi fikir söyləyirsə, dərhal partiya sıralarından xaric olunur. Belə olan halda bu cür insanlarla, bu cür anti-demokratik və diktatura formasında idarə sistemi yaradan insanlarla hansı söhbətlər aparmaq olar? Onlar sadəcə olaraq partiyanı gəlir mənbələrinə çeviriblər. Bu insanlar 5-10 nəfər adamı ətraflarına toplayaraq bu qanunsuz işlərlə məşğuldurlar. Digər partiya üzvləri isə nə idarəçilikdə, nə də digər məsələlərdə iştirak etmirlər.

- Bəzi yerli və xarici qüvvələrin dini zəmində qarşıdurma yaratmaq planları alt-üst oldu. Amma ötən gün baş verən hadisələrə əsasən demək olar ki, hələ də müəyyən qüvvələr Nardaranda məkrli planlarını yerinə yetirməyə cəhd göstərirlər. Ümumiyyələ, bu qüvvələr kimlərdir və haradan qaynaqlanırlar?

- Azərbaycan həmişə dini tolerantlıq məkanı olub. Burada heç zaman dini qarşıdurma olmayıb. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılıb. Hazırda bu münasibət dəyişməz olaraq qalır. Azərbaycanda bu ilin "Multikulturalizm ili" elan olunması bunun bariz nümunəsidir. Əgər keçmişdə başqa üsul və vasitələrdən istifadə edirdilərsə, indi həm Yaxın Şərqdə, həm də ayrı-ayrı dövlətlərdə din faktorundan geniş istifadə edib dini cərəyanlar arasında qarşıdurma yaratmaqla orada öz məkrli niyyətlərinə nail olmaq istəyən qüvvələr var. Lakin Azərbaycanda bu mövcud deyil. Azərbaycan xalqı çox müdrik xalqdır. Hətta Sovetlər birliyi dövründə, dinin qadağan olunduğu vaxtda da Azərbaycan xalqı dini dəyələrə üstünlük verib, dini adət-ənənələri davam etdirib. Təbii ki, bu gün də bu proseslər davam olunur.

Amma təəssüflər olsun ki, bəzi xaricdə təlim keçmiş və Nardarana heç bir aidiyyatı olmayan insanlar başqa-başqa yerlərdən gəlib orada inanclı insanların inamından sui-istifadə edərək müxtəlif təxribatlar törətməyə cəhdlər göstərirlər. Nəticədə hüquq-mühafizə orqanları tərəfindən bunların hamısı aradan qaldırılır. Hesab edirəm ki, həm təhlükəsizlik, həm də hüquq-mühafizə orqanları bu məsələlərlə ciddi məşğuldurlar. Bizim dini təbliğatımız çox düzgün istiqamətdə gedir. Bu yaxınlarda "Dini ekstremizmə qarşı mübarizə" haqqında qanun qəbul olundu. Eləcə də "Dini etiqad azadlığı" haqqında qanuna da əlavə və dəyişikliklər etdik ki, bunların da hər biri dindən düzgün istifadənin tələblərini, şərtlərini ortaya qoyur. Yəni Azərbaycan dünyəvi dövlətdir. Bütün bunlar Azərbaycan Konstitusiyasında da bu təsbit olunub. Azərbaycanda hər hansı bir dini dövlətin yaradılması, ölkəmizin dövlət quruluşunun dəyişdirilməsi haqqında kiminsə nəsə fikri, düşüncəsi varsa, o çox səhv yoldadır.

- Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş erməni komandirlərindən biri və hazırda Kanadada yaşayan general Vasili Stardiyan etiraf edib ki, Xocalıdan və Qarabağdan əsir götürülmüş 170 uşağın böyrək və prostatını əmliyyat etdirərək götürüb Amerikada, Avropada satdırıb. Azərbaycan məhz bu faktdan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında iddia qaldıra bilər?

- Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı faciəsində, qətliamında iştirak etmiş həm ermənilər, həm də o dövrdə orada yerləşən Sovet ordusunun zabitlərinə qarşı cinayət işi var. Hərbi Prokurorluq bununla bağlı bütün dünya ölkələrinə müraciət edib. Hesab edirəm ki, biz gələcəkdə onların məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Bu proses mütləq baş tutmalıdır. Hərbi cinayətkarlar müharibə qanunlarını tamamilə pozaraq dinc sakinləri, qocaları, uşaqları qətlə yetirməklə yanaşı, eyni zamanda onların bir hissəsinin orqanlarının satılmasında və yaxud da onların uzun müddət narkotik plantasiyalarında qul kimi istifadə olunmasında yaxından iştirak ediblər. Hələ xeyli sayda insan itkin düşmüş hesab olunur. Təbii ki, bunlar hamısı faktdır. Məhz faktların nəticəsi olaraq da erməni terrorçusu Zori Balayandan başlayaraq buna ideya verən bütün canilər hesab edirəm ki, ədalət məhkəməsi qarşısında dayanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə