Avropa İttifaqı ilə Azərbaycanı birləşdirən maraqlar ŞƏRH

Avropa İttifaqı ilə Azərbaycanı birləşdirən maraqlar ŞƏRH

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogerini də Bakıda keçirilən toplantıda iştirak edib. Xanım Mogerini Azərbaycan Prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Federica Mogherini xarici işlər naziri ilə görüş zamanı ikitərəfli sazişin imzalanması üçün məsləhətləşmələrdən başqa, hazırkı iqtisadi vəziyyət, neft qiymətlərinin aşağı düşməsi məsələlərinin də müzakirə olunduğunu deyib. Həmçinin "Cənub Qaz Dəhlizi" layihəsi istiqamətində sürətlə həyata keçirilən işlər Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələ kimi qiymətləndirilib. Bu, Brüsselin Azərbaycanla enerji əməkdaşlığına verdiyi önəmdən irəli gəlir.

İclasda iştirak etmək üçün Bakıya gələn bir sıra ölkə və təşkilat rəsmiləri Azərbaycanın regionda və dünyada artan gücünü etiraf edir, xüsusilə enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi dəyərləndirirlər. Toplantıdan sonra Aİ rəsmisi "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrə işgüzar səfəri çərçivəsində Bakıdan Ermənistana səfər etdi və bir sıra görüşlər keçirdi. Səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verəcəyi barədə SİA-nın sualını cavablandıran politoloq Fərhad Mehdiyev bildirib ki, Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogerininin Azərbaycana sonra da Ermənistana səfər etməsi ümumiyyətlə regionda olan maraqlarının ifadəsidir.

Politoloq qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqaz regionuna marağı davam edir: "Rusiyanın xarici siyasətində ciddi sayılan dəyişiklik nəticəsində Avropa İttifaqı öz "arxa bağçasının" təhlükəsizliyini düşünür. Bu baxımdan da hesab edirəm ki, Avropa İttifaqının Ermənistana heç bir təzyiq mexanizmi olmadığına görə onun Dağlıq Qarabağ münaqişəsinə təsiri mümkünsüzdür".

"Cənub Qaz Dəhlizi" məsələsini də şərh edən politoloq qeyd edib ki, bu boru xətti bəzi Avropa dövlətləri üçün çox vacibdir, xüsusilə Şərqi və Cənub Avropa dövlətleri üçün. Yəni Avropanın enerji təhlükəsizliyi dedikdə, bütün Avropa nəzərdə tutulmur, burada Şərqi Avropa dövlətlərinin Rusiyadan olan asılılıqları baxımından təhlükəsizliyi nəzərdə tutulur. Belə ki, həmin dövlətlərin alternativ olaraq qaz alacaqları ölkə olsa, onlar Rusiyadan daha müstəqil qaydada hərəkət edəcəklər. Aİ-nın Azərbaycan ilə münasibətləri hal-hazırda "realpolitik" cəhətləri əks etdirir. Belə ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərdə ilk növbədə demokratiya ve insan hüqüqları mesələsini deyil, öz stratejik maraqlarını düşünür. Azərbaycan isə ideoloji xətt baxmından Aİ ilə eyni düşərgədə olmasa da, Avropa İttifaqı ilə ticarət əməkdaşlığı sərfəlidir. Ona görə düşünürəm ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər olduğu səviyyədə qalacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə