Araz Aslanlı: "Qanunazidd səfərlərə qarşı dövlətimiz müvafiq addımlar atır" AÇIQLAMA
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə ölkəmizin razılığı olmadan səfər edənlər "arzuolunmaz şəxslər" siyasına salınmalıdır. Bu hərəkətlərə yol verən İran vətəndaşlarına qarşı da belə tədbirlər görmək lazımdır və dövlətimiz bunu edir". Bunu SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
O qeyd edib ki, Azərbaycanın razılığı olmadan işğal olunmuş ərazilərimizə səfər edənlərin ölkələrinə də rəsmi olaraq müraciət edilməlidir ki, onlar öz vətəndaşları üçün məlumatlandırma fəaliyyətləri aparsınlar: "Bu cür halların ortadan qalxmasına nail olmaq üçün həmin şəxslərin ölkələri də töhfə verməlidir. Əks halda, Azərbaycan bunu beynəlxalq hüquqa, normal ikitərəfli münasibətlərə hörmətsizlik kimi qiymətləndirməlidir. Ümumiyyətlə, istənilən xarici ölkə vətəndaşının Azərbaycan ərazilərinə nəzərdə tutulmuş qaydalara uyğun olmadan daxil olması qanunaziddir və bu şəxsə qarşı qanunla nəzərdə tutulmuş cəza tədbirlərinin görülməsi Azərbaycan Respublikasının əlaqədar orqanlarının səlahiyyətləri daxilindədir".
A.Aslanlı bildirib ki, belə qanunazidd səfərlər dövlətimiz tərəfindən diqqətlə izlənilir və müvafiq addımlar atılır: "Dəfələrlə rast gəlmişik ki, Azərbaycan Xarici İşlər Nazirliyi hətta dünyada populyar olan bir şəxsin bu cür səfərini etirazla qarşılayıb və həmin şəxsin adı Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Bir çox hallarda belə şəxslər sonradan üzrxahlıq məktubları yazaraq, adlarının siyahıdan çıxarılmasını xahiş edirlər. Bu qaydalar populyar olub-olmamasından asılı olmayaraq, istənilən xarici ölkə vətəndaşına aid edilməlidir və edilir də!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB