BMAM sədri: “Azərbaycan Suriyanın dağılmasını, orada qan tökülməsini istəmir" AÇIQLAMA

BMAM sədri: “Azərbaycan Suriyanın dağılmasını, orada qan tökülməsini istəmir" AÇIQLAMA

"Suriya böhranı heç də öz-özünə yaranmadı. "Ərəb baharı" adı altında 2011-2012-ci illərdə Qərbin Yaxın Şərqdə və Afrika ölkələrində sosial şəbəkələr vasitəsilə başlatdığı inqilablar həmin ölkələrin iqtisadiyyatını məhv etdi, xaos yaratdı və nəticədə də hazırki vəziyyətə gətirib çıxardı". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov deyib.

O bildirib ki, bu hadisələrdən sonra Suriyada böhran daha da dərinləşdi və Bəşər Əsədlə yerli qruplaşmalar arasında mübarizə başladı. Silahlı toqquşmalarda xeyli sayda suriyalı həlak oldu: " Belə olduqdan sonra Suriya prezidenti Bəşər Əsəd Rusiyadan kömək istədi. Suriya ərazisində İŞİD və digər terror təşkilatlarının fəaliyyəti, qaçqın probleminin yaranması və onların böyük əksəriyyətinin Türkiyə sərhədində cəmləşməsi, "təyyarə böhranı" və s. bütün bunlar Türkiyəni müharibəyə təhrik edən amillər oldu. Hazırki vəziyyəti müharibə adlandırmaq daha yaxşı olar. Türkiyə öz ərazi bütövlüyünü İŞİD və digər xarici müdaxilə təhlükəsindən qorumaq üçün PKK problemində olduğu kimi bu dəfə də Suriya ərazisində hərbi əməliyyatlar aparmaq məcburiyyətində qaldı. Düşünmürəm ki, mövcud vəziyyət Rusiya-Türkiyə yaxud da Suriya-Türkiyə müharibəsi ilə nəticələnsin".

Politoloqun sözlərinə görə, bu məsələlər ABŞ-ı bir neçə səbəbdən narahat edir: "Birincisi, Türkiyə NATO ölkəsidir, ikincisi ABŞ istəməzdi ki, Suriyada belə böhran yaransın və oraya Rusiya, Türkiyə müdaxiləsi baş tutsun. Amma bütün bunları ABŞ əvvəlcədən düşünməli idi ki, mövcud böhranın, xaosun sonu qaçqın probleminə gətirəcək və belə olan halda region dövlətlərinin mövcud vəziyyətə müdaxiləsi qaçılmaz olacaq. Fikrimcə, nə qədər ki Qərb Yaxın Şərqdə və Afrika ölkələrində "müəllifi" olduğu problemlərə biganə yanaşacaq vəziyyətin gedişatı heç də ürəkaçan olmayacaq. Bəşər Əsəd Rusiyanın dəstəyi ilə hakimiyyətini saxlamağa çalışsa da gec-tez onu itirəcək".

BMAM sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsəlman ölkələrində baş verən hadisələrlə bağlı Azərbaycanın ciddi narahatçılıq keçirdiyini dəfələrlə bildirib: "Dünyada ikili standartlar var və Qərb ölkələrinin müsəlman dünyasına qarşı sərgilədiyi mövqe buna bariz nümunədir. Hər hansı Avropa ölkəsində bir-iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verdiyi halda bunu faciə, terror kimi qiymətləndirən Qərb bu gün milyonlarla insanın həlak olduğu Yaxın Şərq və Afrika ölkələrinə biganə yanaşır. Ölkə başçısı cənab İlham Əliyev "Suriyaya və regiona dəstək" konfransında da qəti şəkildə bəyan etdi ki, Azərbaycan Suriyada baş verən hadisələrdən narahatdır və qədim tarixə malik müsəlman ölkəsinin dağılmasını, orada qan tökülməsini istəmir. Eyni zamanda Azərbaycan iki yaxın qonşusu Türkiyə və Rusiya arasında yaranmış gərginliyin kəskinləşməməsində, qısa müddətdə sülh yolu ilə həllində maraqlıdır. Azərbaycan zəngin multikultural dəyərlərə malik, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığı tolerant ölkədir və bu xüsusiyyəti ilə dünyaya nümunədir. Digər ölkələr ölkəmizdən örnək götürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə