İnkişafın Azərbaycan modeli MÜNASİBƏT

İnkişafın Azərbaycan modeli MÜNASİBƏT

"Davos Dünya İqtisadi Forumunda iştirak edən Cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcək inkişaf perspektivlərinə inandığını göstərdi". SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Aliyə Ağrılı ölkə başçısının Davos Dünya İqtisadi Forumunda iştirakına və həyata keçirdiyi ardıcıl islahatlara münasibət bildirərkən deyib.

O bildirib ki, dünyada baş verən maliyyə və iqtisadi böhran əksər dövlətlərə mənfi təsirlərini göstərməkdə davam edir: "Böyük idxal və ixrac gücünə sahib dövlətlər belə böhran qarşısında çətin dövrlərini yaşayır. Neft ölkəsi olan Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün mənfi proseslərdən kənarda qala bilməzdi. Xüsusilə qeyd etmək lazımdır ki, dünya iqtisadi böhranı bir çox ölkələrə daha tez hətta 5 il bundan öncə Azərbaycana isə son bir il olmaz ki təsir etməyə başladı. Təbii ki, bütün bunların əsasında Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü iqtisadi siyasət amili dayanır".

Davos Dünya İqtisadi Forumunda Azərbaycanın qeyri-neft ölkəsi olmaq qətiyyətini dünyaya bəyan etdiyini deyən Aliyə Ağrılı ölkə başçısının inamlı çıxışları ilə bütün dünyanı heyran qoyduğunu söyləyib: "Bu cənab İlham Əliyevin dünya miqyaslı siyasətçi olduğunun növbəti sübutu idi. Cənab Prezident müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri ilə görüşüb danışıqlar apardı və Azərbaycanın dünya iqtisadi sistemində oynadığı əhəmiyyətli rolu diqqətə çatdıraraq ölkəmizin xarici investisiyalar üçün stabil məkan olduğunu bildirdi. Hazırkı vəziyyətdə Azərbaycana xarici səhmdarların cəlb edilməsi, ölkəyə maliyyə axınının gücləndirilməsi əsas prioritet məqsədlərdir. Balanslaşdırılmış siyasət yürüdən Azərbaycan dövləti dünyada gedən müharibələr, qarşıdurmalar və digər mənfi proseslər fonunda sabitlik adasıdır. Bu amil xarici investorların ölkəmizə maraq göstərməsinin əsasında duran amildir".

Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunun rəsmi saytı üçün məxsusi olaraq "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqalə yazıb: "Sırf Azərbaycan həqiqətlərindən ibarət olan bu məqalə təkcə Avropanın deyil, bütövlükdə dünyanın iqtisadçı mütəxəssisləri tərəfindən maraqla qarşılandı. Cənab Prezident dünyadakı maliyyə və iqtisadi böhrandan çıxmaq yolunda Azərbaycan modelini dünyaya təqdim etdi. Son 10-12 ildə beynəlxalq tribunalardan dönə-dönə səsləndirilən "İnkişafın Azərbaycan modeli" ifadəsinə yaxşı bələd olmuş iqtisadçılar beynəlxalq iqtisadi böhran fonunda bu modelin səmərəsinin nədən ibarət olacağını öyrənmək istəyirdilər. Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışır. Cənab Prezident tərəfindən aparılan ardıcıl islahatların ilkin nəticələri artıq göz önündədir. "Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən ölkə başçımız sosial yönümlü layihələrə daha böyük diqqət ayıraraq əhalinin rifah halının qorunmasına yönəlik qərarları ilə hər birimizi sevindirir".

Düşünürəm ki, uzaqgörənliklə atılan addımlar və xalq-iqtidar birliyi böhrandan minimum itki ilə çıxmağımıza imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə