Elçin Mirzəbəyli: “Davos Forumunun Azərbaycan üçün əhəmiyyəti böyükdür” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Davos Forumunun Azərbaycan üçün əhəmiyyəti böyükdür” AÇIQLAMA

"Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Ümumiyyətlə, bu Forum ayrı-ayrı dövlətlər, eyni zamanda şirkətlər arasında əlaqələrin genişləndirilməsi üçün kifayət qədər əhəmiyyətli tədbir hesab olunur. Təbii ki, Azərbaycanda hər zaman bu Forum da fəal şəkildə iştirak edir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, həm ayrı-ayrı görüşlərdə, həm də Forum çərçivəsində keçirilən müzakirələrdə ölkənin mövqeyi açıq ifadə olunur: "Azərbaycan üçün ölkənin ərazi bütövlüyü prioritet sayılır. Bu baxımdan da Azərbaycan Prezidenti harada olur-olsun həmin prizmadan istifadə edərək Azərbaycan barədə həqiqətləri dünyaya çatdırmağı çalışır və ölkəmizin mövqeyini ifadə edir, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin təkcə region üçün deyil, daha geniş, qlobal miqyasda problem, təhlükə yaradacağını bildirib. Bu baxımdan keçirilən həm ikitərəfli görüşlərdə, həm də daha geniş toplantılarda Azərbaycanın mövqeyinin ifadə olunacağı təbiidir. Amma Davos Forumu indiki halda Azərbaycan üçün digər askpektdən də mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu, iqtisadi faktorlarla bağlıdır".

E.Mirzəbəyli əlavə edib ki, ölkə Prezidenti İlham Əliyevin keçirdiyi son müşavirədə də Azərbaycanda geniş iqtisadi islahatların anonsu verildi, bir sıra istiqamətlərdə mühüm addımların, qeyri-neft sektorunun inkişafı istiqamətində iri addımlar atılacağı vurğulandı. Bu baxımdan da Davos İqtisadi Forumunda Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə eyni zamanda ayrı-ayrı dövlətlərlə iqtisadi əlaqələrinin genişləndirilməsi və ölkəmizə yeni-yeni investisiyaların cəlb edilməsi üçün geniş imkanlar var. Əminəm ki, cənab Prezident bu fürsətdən maksimum dərəcədə istifadə edərək Azərbaycana yeni sərmayələrin cəlb olunmasına, ölkənin iqtisadi imkanlarının daha da genişlənməsinə cəhd göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə