Səbail rayonunda anım tədbiri keçirilib

Səbail rayonunda anım tədbiri keçirilib

20 Yanvar faciəsindən artıq iyirmi altı il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamı əsasında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulub. SİA-nın məlumatına görə,tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılmışdır. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunur. Yanvar ayının 18-də rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcək.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi rayon rəhbərliyi, respublika "20 Yanvar" cəmiyyəti, Sosial Müdafiə Fondu və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixində həkk olunmuş ən qanlı faciələrdəndir. Bu faciəyə ilk hüquqi qiyməti isə Ulu öndər Heydər Əliyev verib. Bu gün möhtərəm Prezidentimiz həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır.

Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunub.

Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə