Malik Həsənov: “Prezident İlham Əliyev əsrimizin praqmatik lideridir” AÇIQLAMA
"Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyəti zamanın yeni çağırışlarına cavab verməklə yanaşı, həm də Onun yeni dövrün yeni Lideri olmasını təmin edir". Bu sözləri SİA-ya millət vəkili Malik Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasi xəttin uğurlu nəticələrini şərh edərkən deyib.
Onun fikrincə, İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib, yeni dövrün tələblərinə cavab verən sürətli inkişaf təmin olunub: "Ulu Öndərimizin idarəçilik ənənələrini özünəməxsus dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik Lideri kimi çıxış edir. Məhz xalqının Lideri olaraq onun düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb".
Malik Həsənov tarixə qısa ekskurs edərək bildirib ki, hələ Prezident seçilməzdən öncə ölkədə yaşanan ictimai-siyasi proseslərin içində olan bir şəxs kimi cənab İlham Əliyev öz liderlik keyfiyyətini və yüksək idarəçilik qabiliyyətini bir neçə istiqamətdə əməli işi ilə göstərmişdi: "Azərbaycan iqtisadiyyatının ən mühüm və aparıcı sahəsi sayılan neft sektorunda rəhbər postlardan birində təmsil olunması, həmçinin Avropa Şurası kimi nüfuzlu bir qurumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsi, Milli Məclisin deputatı olaraq uğurlu fəaliyyəti onun Liderlik xüsusiyyətlərinin özünü qabarıq formada büruzə verməsi ilə müşayiət olunurdu. Xalqın iradəsi əsasında Prezident seçilməsi cənab İlham Əliyevin Liderlik xüsusiyyətlərinin, bu şəxsiyyətin fenomenal qabiliyyətlərinin daha bariz formada üzə çıxmasına yeni imkanlar yaratdı. Bu amil indi də davam etməkdədir".
"Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan cənab İlham Əliyev ölkəmizin inkişafına, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir"-deyə qeyd edən millət vəkili həmçinin bildirib ki, xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər də Prezident İlham Əliyevin Liderlik keyfiyyətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir: "Fəaliyyəti ilə ölkə cəmiyyətindən getdikcə daha çox dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz Lideri kimi qəbul edilir. Mövcud beynəlxalq dünya nizamında geosiyasi və geoiqtisadi amillərin xüsusi çəkisinin yenidən artan xətt üzrə inkişaf etdiyi müasir dünyamızda cərəyan edən proseslərin inkişaf axarının düzgün müəyyən edilərək onun milli maraqlarla uzlaşdırılması getdikcə daha böyük önəm kəsb edir. Əks halda, konkret halda götürülmüş dövlətin, onun maraqlarının, hətta suverenliyinin özünün ciddi təhdidlər altında qalması qaçılmaz olur. Dünyanın real mənzərəsinə nəzər salmaqla buna dair kifayət qədər çoxsaylı misallara rast gəlmək mümkündür. Lakin Azərbaycan o dövlətlər sırasında yer alır ki, geosiyasi cəlbediciliyi olduqca yüksək bir əmsalla qiymətləndirilən regionda mövcudluğu və zəngin təbii sərvətlərə malik olması amilindən beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevrilməsi üçün böyük məharətlə faydalanır. Eyni zamanda, ölkəmiz regionda cərəyan edən proseslərin obyekti yox, bir subyekti olaraq onların inkişaf axarının müəyyən edilməsində bu gün əsas söz sahiblərindən biri kimi çıxış edir. Həmçinin burada Azərbaycanın iştirak və razılığı olmadan hər hansı regional təşəbbüsün, transmilli layihənin reallaşması mümkün deyil.
Ümumiyyətlə, cənab Prezidentin xarici siyasətdə milli maraqların təmini baxımından hər zaman qətiyyətli və prinsipial bir mövqe nümayiş etdirməsi, işinə peşəkar yanaşması daim özünü aydın bir formada büruzə verir. Məhz bu peşəkarlığın nəticəsidir ki, Azərbaycan indi dünyanın müxtəlif qütblərində dayanan, bəzən isə bir-birlərinə qarşı barışmaz bir mövqe sərgiləyən dövlətlərlə qarşılıqlı əməkdaşlıq və dostluğa söykənən münasibətlər yarada bilib. Şərqlə Qərb, Şimalla Cənub arasında mərkəzçi mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan həm də burada bir körpü rolunu oynamaqdadır. Bununla Azərbaycan dünyanın müxtəlif qütblərində yer alan dövlətlər arasında əlaqələndirici bir missiya yerinə yetirməkdə, eləcə də Avrasiya məkanında mövqelərini daha güclü hala gətirməkdədir".
R.Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB