İtaliya prezidenti və Gürcüstanın baş naziri başsağlı verib

İtaliya prezidenti və Gürcüstanın baş naziri başsağlı verib

İtaliya prezidenti Sergio Mattarella Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: "Xəzər dənizinin "Günəşli" neft yatağındakı platformada baş verən qəza nəticəsində insanların həyatlarını itirməsi, itkin düşməsi və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.

İtkin düşən insanların axtarışının müsbət nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, bu hüznlü günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik çıxdığımızı bildirirəm".

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Azərbaycan prezidentinə başsağlığı məktubu göndərərək, "Günəşli" neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbərindən sarsıldığını bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə