"Müxalifətlə Qərbin Azərbaycana münasibəti eynidir” MÜNASİBƏT

"Müxalifətlə Qərbin Azərbaycana münasibəti eynidir” MÜNASİBƏT

"Seçkilər hər bir siyasi partiyalar üçün sınaqdır. Amma müxalifət partiyaları bu sınaqda iştirak etmək istəmirlər və baykot qərarı verirlər. Bu da onların zəifliyinin sübutudur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloq bildirib ki, istənilən cəmiyyət üçün seçki ən mühüm siyasi hadisələrdən biridir: "Belə bir mühüm siyasi prosesdə iştirakdan imtina etmək özünə inamsızlıqdan irəli gəlir. Müxalifət partiyaları dərk edirlər ki, uğur qazanmaq şansları sıfıra bərabərdir. Bu baxımdan, əsaslandıra bilmədikləri bəhanələrlə seçkidə iştirakdan qaçırlar. Bildiyimiz kimi, Azərbaycanda seçkilərin keçirilməsi zamanı şəffaflığın təmin olunması üçün bütün zəruri addımlar atılır və bu istiqamətdə təkmilləşdirmə işləri davamlı olaraq həyata keçirilməkdədir. Hesab edirəm ki, müəyyən dairələr ölkənin mənfi imicinin yaradılması və bununla da ölkəmizə qarşı son günlərdə həyata keçirilən qarayaxma kampaniyasına dəstək vermək üçün seçkiləri boykot etmə yolunu tuturlar. Sözsüz ki, bu addım kəskin qınanılası bir addımdır və özünün müxalifət adlandıranların əsl üzünü və məqsədlərini ortaya qoyurlar" .

Yurddaş Partiyasının sədri Mais Səfərli də müxalifətin prezident seçkilərində də böyük uğursuzluğa düçar olduğunu diqqətə çatdırıb. Bildirib ki, müxalifətin bu gün adı var fəaliyyəti yoxdur: "Onlar böyük siyasi yarış olan seçkilərə qatılmaqdan qorxurlar. Ona görə də baykot aksiyasına keçiblər. Hesab edirəm ki, bunun ən başlıca səbəbi də məhz budur. Təbii ki, Qərb dövlətləri də bu gün əslində Azərbaycanda seçkiləri baykot edirlər. Deməli müxalifətlə Qərbin Azərbaycana münasibəti eynidir. Onlar bir-biri ilə heç nə ilə fərqlənmirlər. Deməli hər iki qüvvə bir-biri ilə razılaşdırılmış şəkildə Azərbaycanın üzərinə gedirlər. Lakin onların səyləri heç bir nəticə verməyəcək. Çünki xalq Azərbaycan prezidentini və iqtidarını dəstəkləyir. Azsaylı müxalifət yenə də heç bir şey əldə edə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə