Sevinc Fətəliyeva: "Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır" AÇIQLAMA

Sevinc Fətəliyeva: "Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır" AÇIQLAMA

"Bəzi ölkələr kimi Azərbaycanı da alətə çevirmək istəyən Qərb manupulyasiya vasitəsilə dövlətimizlə əməkdaşlıq etmək arzusundadır. Bu, qəbuledilməzdir". SİA-nın məlumatına görə, bu sözləri deputat Sevinc Fətəliyeva Milli Məclisin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət aparması Qərbdə ciddi narahatçılıq doğurur: "Avropa öz problemlərini həll edəndən sonra Azərbaycandakı vəziyyəti təhlil edib, irad tuta bilər. Avropada baş verən islamafobiya, dini dözümsüzlük, müəyyən dairələrin maraqlarının və ambisiyalarının həyata keçirilməsi Avropa təşkiatlarını böhrana gətirib çıxaracaq. Onların siyasətdə ikili standartların tətbiqi ilə Avropa dəyərlərini məhv edəndən sonra kimdənsə nəyisə tələb etmək hüquqları yoxdur. Müasir dövrdə demokratiyanın beşiyi olan Avropa demokratiya, azadlıq sözlərinin anlayışını dəyişir. Təəssüf ki, bu gün Avropada ikiüzlülük və şəxsi maraqlar əsasında qurulmuş mövqelər, satqınlıq, siyasətdə korrupsiya əməlləri ən ali amil hesab olunur. Azərbaycan isə əksinə, ənənəvi, əsl demokratiya dəyərlərinə əsaslanaraq, bugününü və sabahını qurur".

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin üzvləri əgər həqiqətən Azərbaycan xalqının hüquqlarını düşünürsə, niyə 1 milyon qaçqının hüquqları sənəddə öz əksini tapmır?: "Niyə günahsız uşaqların qətlə yetirilməsi və onların hüquq pozuntuları bu sənəddə yer tutmur? Onlara Azərbaycandakı vəziyyət, xalqın problemləri yox, korrupsiya əsasında qurulan müəyyən dairələrin tapşırıqlarını yerinə yetirmək lazımdır. Azərbaycanla əməkdaşlığın dayandırılması ilə bizi qorxutmaq lazım deyil. Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya öz balanslaşdırılmış, dövlət-sosial siyasəti, dəyərləri ilə lazımdır. Azərbaycan beynəlxalq hüquq, üzv olduğu təşkilatlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə qarışmağa icazə vermir. Azərbaycan Prezidenti dövlətin və xalqın maraqlarının qorunmasına əsaslanmış siyasət aparır. Azərbaycan və Avropa arasında əməkdaşlığın davamından söhbət gedirsə, bu, yalnız bərabərhüquq əsasında və Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə