Böyük dövlətlər bir-birinə dəydi
WIKILEAKS-dən növbəti şok

"WIKILEAKS" internet saytından dünyanı şoka sala biləcək növbəti informasiyalar ictimailəşdirilib. Lakin bu dəfəki informasiya demək olar ki, öz aktuallığı ilə öncəkiləri kölgədə qoyub. Ölkə ictimaiyyətinin də bu məsələdə maraqlı olduğunu nəzərə alaraq, SİA adıçəkilən saytdan nəzərəçarpan məlumatları oxucularına təqdim edir.

Beləliklə, ilk xəbərdə bildirilir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) 2006-2012-ci illərdə Fransa prezidentlərini dinləyirmiş. İlkin olaraq ortaya çıxan sənəddə Jak Şirak və Nikola Sarkozi ilə hazırkı Fransa prezidenti Fransua Ollandın danışıqları yer alır. 2010-ci ilin mart ayında Sarkozinin bir neçə gün sonra ABŞ-a səfəri çərçivəsində danışıqlarda Türkiyənin də adı çəkildiyi dinləmə sənəddə öz əksini tapır.

Bu sənədin ortaya çıxmasının ardınca Fransua Olland təcili olaraq kəşfiyyat idarə rəislərindən və nazirlərdən ibarət Müdafiə Şurasını bir yerə topladı.

Səfir geri çağrıldı

Qeydlərdə göstərilir ki, dinləmə mövzusunda ABŞ 2013-cü ildə öz üzərinə bir öhdəlik götürüb. Ona görə də Fransa ABŞ-a yenidən bir xatırlatma etməyi düşündüyünü dilə gətirərək onları digər dövlətlərə hörmətlə yanaşmağı tövsiyyə edib. Daha sonra isə ABŞ-ın Fransadakı səfiri Jane Hartley Xarici İşlər Nazirliyinə çağrılıb.

OBAMA: "Artıq dinləmirik"

Fransa prezidenti Fransua Olland mövzu ilə əlaqədar ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. 15 dəqiqəlik görüşdə iki müttəfiq ölkə arasındakı kəşfiyyat prinsipləri mövzusu müzakirə edilib. Barak Obama 2013 və 2014-ci illərdəki qərarlı öhdəliklərdən heç kimin şübhəsi olmamasını Ollanda çatdırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə