Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Müsavat üzvü Məmməd İsmayılın ardınca AXCP-dən Ülkər Kazımova da istefa verib. Ümumiyyətlə, son vaxtlar AXCP-dən və Müsavatdan kütləvi istefaların səbəbini liderlərin səhv siyasətinin nəticəsi kimi qiymətləndirmək olarmı?
- Əlbəttə. Başqa nə səbəb olacaq ki? Məzmunsuz, mənasız ideologiyanın sonu budur. Ona görə dalana dirənib qalıblar. Hər gün təşkilatları daxilindəki "yarpaq tökümü" daha da sürətlənir. Amma bu hələ harasıdır, seçkidən sonranı gözləyin. Əsl "konsert" bax onda olacaq. Müsavatçılar da, "axecepeşniklər" də dirənəcəklər təşkilat rəhbərlərinin üzünə ki, nooldu, niyə aldandıq? Sadəcə, hələ o məqam yetişməyib, hələ dərin yuxuya gedənlər, nağıllar aləmində gəzişənlər az sayda da olsa qalıb. Aralarındakı hiyləgərlər isə artıq vəziyyətdən duyuq düşüblər. Üzüsulu – üzüsulu, abırlarını üzərlərində saxlayıb vəziyyətdən çıxmağa çalışırlar. Yəni qaragüruhdan uzaqlaşırlar.
- Ardıcıl xarakter daşıyan bu istefalar AXCP və Müsavatın siyasi sonluğunu nə zaman gətirə bilər?
- Onsuz da bitiblər də… Baxın, yanlarında bir səviyyəli adammı qalıb? Qalmayıb, hamı gedib! Əli Kərimli özünün qəhrəman obrazını yaratmaqdansa desin, izah etsin görək niyə ətrafındakı köhnə müavinlərin heç biri bu gün təşkilatda yoxdur, niyə hamısı istefa verib, uzaqlaşıb? Fuad Mustafayev, İbrahim Vəliyev kimi təşkilata Əli Kərimliyə ən sadiq adamlar belə artıq ortalıqda yoxdurlar. Səbəb? Hamı pis, bircə Əli Kərimlimi yaxşı oğlan oldu? Yox əlbəttə. Səbəblər başqadır. Onları sadalamağa isə zaman yetməz. Kərimli öz lideri Elçibəyə qarşı çıxan adamdır. İndi deyir mən satılmamışam. Düz deyir, vicdanı indi satılmayıb, alan yoxdu, ona görə satılmayıb. Əli Kərimliyə 5-10 min verən olsa vicdanını tərəziyə qoyub, satar. Bir-iki müavini də gəlib qapanda durar.
Müsavat haqda danışmağa isə ümumiyyətlə dəyməz. Arif Hacılı təşkilatı elə kökə salıb ki, artıq bizim belə bu mövzuda danışmağa həvəsimiz, istəyimiz qalmayıb.
- ATƏT-in fəaliyyətdə olan sədri Bakıda səfərdə olan zaman digər partiya sədrləri ilə görüşdüyü halda AXCP və Müsavat ilə görüşmədi...
- ATƏT də, digər beynəlxalq qurumlar da Müsavatın və AXCP-nin hansı gücə, elektorata sahib olduğunu gözəl bilirlər. Ona görə də öz nüfuzlarını zərbə altında qoymaq istəmirlər. Çünki sabah hansısa tədbirdə biri qayıdıb soruşsa ki, mitinqinə 200 adam yığa bilməyən biriləri ilə masa arxasıda nə işiniz vardı, nə danışırdınız - çaşıb, karıxıb qalacaqlar. Bu səbəbdən ehtiyatı əldən vermirlər. Üstəlik, perspektivdə də bir şey görmürlər ki, barı on il sonrakı hədəfləri, proqnozları düşünüb hərəkət eləsinlər. Hamı anlayır ki, Əli Kərimli və onabənzərlər siyasi meyitlərdir. Belələrinə zaman sərf etməklə isə ancaq hörmətdən düşmək, abırdan getmək olar.
- Ümumiyyətlə, demək olarmı ki, parlament seçkilərinə qədər əksər müxalifət partiyaları tarixin arxivinə atılmalı olacaqlar?
- Mövcud iqtidarla mübarizə aparmaq üçün müxalifət yüz illik dərs, iki yüz illik də seminar - filan keçməlidir. Hərçənd heç bu
da onlara yetməz. Azərbaycanda müxalifətçilik bu gün sadəcə bir işdir, ştatdır, kabinetdir. Vəssalam. Adamlar hakimiyyətə gəlmək, ambisiya nümayiş etdirmək, mübarizə aparmaq üçün deyil, sadəcə bekar qalmamaq üçün müxalifətçilik edirlər. Sonuc da budur. Odur ki, seçki ha gəldi ha gəlmədi - belələrinə fərq eləmir. Onsuzda yerlərində sayırlar. Hələ imkan olanda geri də addımlayırlar. Bircə irəli getməklə işləri yoxdur. Bunların siyasi qibləsi düzgün təyin olunmayıb. Ta bünövrədən. Ona görə bu gündədirlər.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB