"Bu gün Müsavatda Məhəmməd Əmin Rəsulzadənin yolunu gedən yeganə şəxs varsa, o da İsa Qəmbərdir". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli partiya Divanının sabiq üzvü Tural Abbaslının "Əgər Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, onu da təşkilat sıralarından xaric edərdilər" açıqlamasına münasibətini bildirərəkən deyib.
"Təzyiqlərə baxmayaraq, biz bu estafeti daşıyacağıq"
Mustafa Hacıbəyli iddia edib ki, təmsil olunduğu təşkilatın rəhbərliyi həm daxildən həm də xaricdən hücumlara məruz qalmaqdadır: "Müsavat Partiyasının rəhbərliyində olan insanlar hərtərəfli hücumlara məruz qalıblar. Necə ki, Məhəmməd Əmin Rəsulzadə o zaman bolşeviklərin hücumlarına məruz qalmışdı, bu gün də eyni qayda ilə biz Qubadçıların hücumlarına məruz qalmışıq. Bütün bu təzyiqlərə baxmayaraq, biz bu estafeti daşıyacağıq".
Hacıbəyli Abbaslının və digərlərinin bənzər iddialarla çıxış etmələrini absurd adlandırıb və sonda onu da qeyd edib ki, onların belə hücumlarının qarşısını almaq iqtidarındadırlar.
"Mustafa Hacıbəylinin, Arif Hacılının münasibətlərinə ehtiyacım yoxdur"
Bu arada Müsavat rəhbərliyinin mövqeyinə növbəti dəfə münasibət bildirən Tural Abbaslı Mustafa Hacıbəylinin iddialarını cavabsız qoymayıb. O, Müsavat Məclisinin üzvü ilə bağlı hər hansı münasibət bildirmək istəmədiyini desə də, müəyyən fikirlərini ortaya qoyub: "Müsavat Partiyasından kiminləsə diskusiya aparmağa həvəsim yoxdur. Hansısa fikir söyləmişəmsə, ona Mustafa Hacıbəylinin, Arif Hacılının və digərlərinin münasibət bildirməsinə ehtiyacım yoxdur".
"Bu, ədalətsizlikdir"
Tural Abbaslı Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərə gəlincə deyib ki, onun bu cür qənaətə gəlməsinə səbəb partiyadakı mövcud durumdur: "Bu gün partiyada nələrin baş verdiyini görürük və ona uyğun da qiymət veririk. Mən bu günə qədər nə Qubadçı, nə də Arifçi olmuşam. Mən müsavatçıyam və öz tərəfimdəyəm. Müsavatın bugünkü durumunu şərh etmək üçün hansısa xüsusi biliyə, savada malik olmağa ehtiyac yoxdur. Çünki partiyanın ən fədakar üzvləri qrup maraqlarına görə partiyadan qovulursa, illərdir meydanlarda sağlamlıqlarından keçənlərə hörmət qoyulmursa, bunu görməzlikdən gəlmək ədalətsizlik olardı".
"İsa Qəmbərdən qalxan kimi az istifadə etsinlər"
Tural Abbaslı Mustafa Hacıbəyliyə xatırlatma edib: "Musatafa bəyin nəzərinə onu da çatdırım ki, Müsavatın hazırkı başqanı İsa Qəmbər deyil, Arif Hacılıdır. Baş verən proseslərdən Arif Hacılı birbaşa özü cavabdehdir. İsa Qəmbərdən qalxan kimi az istifadə etsinlər. Xəyanətkar, düşmən, satqın axtarmaq əvəzinə partiyadaxili birlik əldə etmək lazımdır. Aqresiv çıxışlarla, bəyanatlarla onsuzda heç nəyə nail ola bilməzlər".
Xatırladaq ki, son günlərdə Müsavat Partiyasından növbəti istefalar və qovulmalar olub. Təşkilatın Ucar və Suraxanı rayon təşkilatları buraxılıb, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli istefaya göndərilib, Nizami rayon təşkilatının sədri isə etiraz olaraq, partiyadan çıxmasını elan edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə