Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi" YENİLƏNİB

Mübariz Qurbanlı: "Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi" YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, dini icmalar, dini konfessiyalar, dinşünaslıq komissiyasının üzvləri, "Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin münsiflər heyəti, müsabiqənin qalibləri və KİV nümayəndələri iştirak edib.

"Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının ön söz müəllifi Komitə sədri Mübariz Qurbanlı, buraxılışa məsul isə DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlıdır. Kitabda Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri, təbrikləri öz əksini tapıb.

Tədbiri giriş nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq deyib ki, Azərbaycan xalqının tarixində milli müstəqilliyimizin əldə edilməsi şərəfli bir dövrü əhatə edir: "Əlbəttə müstəqilliyimizin ilk illəri ağrısız-acısız keçmədi. Müstəqilliyimizin ilk illərində Ermənistanın təcavüzü nəticəsində biz torpaq itkilərinə məruz qaldıq və ayrı-ayrı şəhərlərimizi (Şuşanı, Ağdamı, Laçını və s.) itirdik. Bu itkilərimizin də baş verməsinin əsas başlıca səbəbi hakimiyyətdə olan dairələrin səriştəsizliyi idi. Məhz Ulu Öndər Heydər Əliyevin liderliyi, siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan düşmən təcavüzünü dayandıra bildi və ayaq üstə dayanaraq möhkəmləndi, gücləndi. Bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də Ümummilli Liderin siyasəti uğurla həyata keçirildi və bu gün də bu siyasət çox uğurla davam etdirilir".

M. Qurbanlı əlavə edib ki, Ulu Öndərin dövlət-din siyasətində mühüm yerlərdən birini vicdan, dini azadlıq, tolerantlıq tutmaqdadır: "Məhz onun sayəsində Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi. Ölkə xalqı milli-mənəvi sahədə də çox böyük nailiyyətlərə imza atmaq imkanı əldə etdi. Azərbaycanda məscidlər, kilsələr, senaqoqlar tikildi və onların inşası üçün dövlət diqqət, qayğı göstərdi. Məhz Ulu Öndərin siyasəti sayəsində biz müstəqilliyizimin ilk illərində, Sovetlər dönəmində cəmi 17 məscidlə ölkəmizi qəbul etmişdiksə, indi Azərbaycanda olan məscidlərin sayı 2050-yə qədərdir. Bu gün ölkəmizdə 1600-dən çox məscid tarixi fəaliyyət göstərməkdədir".

Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev tədbirin əhəmiyyəti barədə danışıb: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu, ölkəmizi müstəqilliyə aparan bir sistemin yaradılmasında əsas məqsəd və məramını ortaya qoyan bir şəxs kimi hər zaman yadımızdadır və yaddaşlarda da qalacaq. Azərbaycan tarixən çox konfensiyalı ərazi olub. Konfensiyalar müxtəlif ölkələrdə çətinliklərlə üzləşdikləri halda Azərbaycanda rahat şəkildə yaşaya biliblər. Azərbaycan hər zaman konfensiyalara qucaq açaraq onların rahatlığına imkan yaradılan məkan olub. Heydər Əliyev milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinin qorunmasına, tolerantlığa hər zaman üstünlük verib".

Daha sonra Bakı şəhəri Dağ Yahudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasiyasının katibi Elnur Əfəndiyev, "Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası Vladimir Fekete, Avropa Yahudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran çıxış ediblər.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi "Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə