Gürcüstan və Ermənistan hökumətləri arasında ciddi qalmaqal yaranıb. SİA "exo kavkaza" radiostansiyasına istinadən xəbər verir ki, buna səbəb Ermənistan parlamentinin spikerinin qondarma "Cənubi Osetiya Respublikasının" ("COR") "parlamentinin" rəhbəri ilə görüş keçirməsi olub. Artıq Gürcüstanın xarici işlər nazirliyi öz rəsmi məlumatında bununla bağlı kəskin bəyanat verib. Bəyanatda bildirilir ki, əgər sözügedən görüş rəsmi xarakter daşıyıbsa, Gürcüstan rəhbərliyi bununla bağlı adekvat və daha sərt tədbir görəcək.
Qeyd edək ki, yaranmış vəziyyətə səbəb "COR" "parlamentinin" rəsmi internet saytında bununla bağlı informasiyanın iki gün öncə yerləşdirilməsi olub. Belə ki, "COR" "spikeri" Anatoli Bibilov digər qondarma "resbublikaya" – "Dağlıq Qarabağ Respublikası"na səfər edib və orada keçirdiyi görüşləri çərçivəsində Ermənistan parlamentinin rəhbəri Qalust Saakyanla da ayrıca görüşüb. Görüşdə "ikitərəfli əməkdaşlıq barədə fikir mübadilələrinin aparılması" da yer alıb.
Bundan əlavə, tanınmamış "respublikanın" parlament saytında bildirilib ki, "tərəflər bundan sonra da dövlətlərarası münasibətlərin davam etdirilməsində və bunun dəstəklənməsində ümumi razılığa gəliblər".
Buna sübut kimi isə "COR" "parlamentinin" rəsmi saytında qondarma respublikanın "prezidenti Bibilovla Saakyanın birgə çəkdirdikləri fotoşəkilləri yer alıb.
Yaranmış vəziyyətdən sonra həm Ermənistan tərəfi, həm də "COR" rəhbərliyi həmin görüşün rəsmi xarakter daşımadığını desələr də, gürcü politoloqları həmin fikirləri səmimi hesab etmirlər. Belə ki, Gürcüstanın tanınmış siyasətşünası İrakli Tsikitişvili bildirib ki, rəsmi Tbilisi istənilən halda mövcud vəziyyəti dəqiqliyi ilə araşdırmalıdır. Sitat: "Hətta həmin görüşün təsadüfi, ya da rəsmi olmadığlı iddia edilsə belə, sual yaranır ki, Bibilovu qondarma respublikanın "prezidenti" kimi digər tanınmayan "resbublika" olan "DQR"-ə kim dəvət edib? Axı o, istənilən halda "DQR"-ə məhz Ermənistan sərhədlərini keçməklə gedə bilərdi. Əgər biz erməni tərəfinə məhz bu kimi suallarla müraciət etsək, bu tipli sualları davamlı qaudada versək, həmin anda Grücüstanın sərt mövqesi görünə bilər".
Xatırladaq ki, sözügedən siyasi qalmaqalla bağlı dünən Ermənistanın Gürcüstandaki səfiri Yuri Vardanyan Gürcüstannın xarici işlər nazirliyinə çağırılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB