Mətbuatdan Bakı-2015: “Birinci Avropa Oyunlarına Dəstək” YENİLƏNİB-FOTOLAR
Bu gün BMM-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və "Bakı Xəbər" qəzetinin birgə təşkilatçılığı ilə Bakı-2015: "Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız" adlı tədbir keçirilib. SİA xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, millət vəkillərinin və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi cəmiyyəti Birinci Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirməkdir. Eyni zamanda bu işdə vətəndaş cəmiyyətində, mediada daha geniş tərkibli işlərin aparılması da əsas mahiyyət kimi qiymətləndirilir.
Giriş sözü ilə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Birinci Avropa Oyunlarının ölkəmizə gətirəcəyi dividentlərdən danışıb: "Azərbaycan bu oyunlara tam hazırdır, amma bu istiqamətdə həyata keçirilən yüksək səviyyəli işlərə baxmayaraq, bəzi beynəlxalq təşkilatlar qərəzli bəyanatlar yaymaqda davam edirlər. Bunların kimliyi hər birimizə məlumdur. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələrin birinci cəhdləri deyil. Bunun üçün biz birgə fəaliyyətimiz nəticəsində bu təşkilatlara adekvat cavab verməli, onları öz intellektual bacarığımızla susdurmalıyıq".
R. Qonaqov həmçinin "Bakı-2015: "Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılacağını da nəzərə çatdırıb.
Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov yarışlara 6 min idmançının qatılacağını, minlərlə insanın izləyəcəyini, 2 min jurnalistin tədbiri işıqlandıracağını xatırladıb: "Bu ölkənin inkişafı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir fürsətdir. Bu günə qədər Birinci Avropa Oyunlarına hazırlıqla bağlı 960 milyon manat xərcləndiyi halda, 8 milyard manat xərcləndiyi barədə yayılan təxribat xarakterli məlumatlar tam əsassızır. Bu əsassız xəbərlərin kökündə əsasən Azərbaycanın dünyada formalaşdırdığı imicinə xələl gətirmək məqsədi dayanır. "Amnesty İnternational" kimi beynəlxalq təşkilatların həmişə qərəzli mövqe ortaya qoyduğu hər kəsə məlumdur. Xaricdəki müəyyən qüvvələr "beşinci kolon"a çevrilmək istəyənləri müdafiə edir və onları müstəqil QHT, müstəqil media kimi qələmə verirlər. Bunlara cavab vermək üçün medianın üzərinə böyük işlər qoyulur ki, onun da öhdəsindən layiqincə gəlinəcəyinə inanırıq".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə öz məruzəsi zamanı mətbuatın üzərinə düşən vəzifələrdən və qarayaxma kampaniyalarının qarşısının alınması üçün görüləcək işlərdən danışıb. A. Quliyev qeyd edib ki, Azərbaycana qarşı daha öncələr də bu kimi addımlar atılsa da, həmin kampaniyalar qərəzli dairələrin istədiyi nəticələri verməyib: "Çünki Azərbaycan bütün qeyd olunan amillərlə yanaşı, həm də öz müstəqil, demokratik və qətiyyətli siyasətini inamla yürüdür. Bu baxımdan, həmin dairələrin atdıqları addımlar nəticəsiz qalmaqda davam edir".
Milli QHT forumunun prezidenti Rauf Zeyni, "İki Sahil" qəzetinin baş redkatoru Vüqar Rəhimzadə, millət vəkilləri Çingiz Qənizadə, Aqil Abbas məruzə ətrafında çıxışları zamanı Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirdiyini qeyd edərək, bu faktoru ölkəmizin dünyada söz sahibi kimi formalaşmasına verilən əhəmiyyətli töhfə kimi qiymətləndiriblər. Eyni zamanda Koalisiyanın yaradılmasını dəstəkləyiblər.
Ölkədə fəaliyyət göstərən QHT-lər və media orqanları "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiklərini diqqətlərə çatdırıblar.
Qeyd edək ki, Koalisiya adından yayılan bəyanatda Koalisiyanın əsas məqsədinin Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarət olduğu bildirilir. Bu məqsədlə ölkə daxilində obyektiv məlumatlandırma işinin aparılması nəzərdə tutulur. Eyni zamanda Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüləcək. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB