Musa Quliyev: “Düşmən saydığı insanlardan özünə kömək istəyir” AÇIQLAMA

Musa Quliyev: “Düşmən saydığı insanlardan özünə kömək istəyir” AÇIQLAMA

"Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryana qarşı rəsmi İrəvanda dəstək aksiyalarının keçirilməsi və buna hətta jurnalistlərin də qoşulması gec-tez olmalı idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

YAP rəsmisinin sözlərinə görə, Ermənistanın işğalçı dövlət olmasını artıq hər kəs bilir: "Rəsmi İrəvan avtoritar, terrorist bir rejimin rəhbərlik etdiyi bir dövlətdir. Heç kimə sirr deyil ki, orada qanunlar işləmir və insanlar səfalət içərisindədir. Bununla belə işğalçı ölkənin ordusunda hərc-mərclik hökm sürür. Hətta Azərbaycan tərəfinə keçən erməni əsgəri Andranik Qriqoryanın dediyi kimi əsgərlər orada ac, paltarsız, rütubətli və nəm şəraitdə xidmət edirlər. Yəni dözülməz bir şəraitdə o insanlar silah altında saxlanılırsa, gec-tez bu rejimə qarşı bir hərəkət olmalı idi. Hətta erməni əsgərinin dediyinə görə onun başqa bir yoldaşı da Azərbaycan tərəfinə keçmək istəyirdi amma qoymadılar. Ümumiyyətlə tarixdə belə bir şey görünməyib ki, üz-üzə dayanan düşmən ordusu digər tərəfə keçsin. Görün nə qədər Ermənistanda ədalətsizlik, anti-insani rejim hökm sürür ki, onlar düşmən saydığı insanlardan özünə kömək istəyir. Bu mənada orada jurnalistlərin, eləcə də başqa sadə vətəndaşların dəstək aksiyasına qoşulması təbii prosesdir. Hesab edirəm ki, bunun davam da olacaq".

M.Quliyev əlavə edib ki, Ermənistan ordusunda hərc-mərcliyin, səfalətin hökm sürməsi, eləcə də ölkənin özündə terrorist rejimin davam etməsi, aclıq, yoxsulluq və s. təbii ki, orada olan insanları da cana doyuracaq: "Ümumiyyətlə işğalçı ölkədə adam çox az qalıb. İldə 200-300 min insan oranı tərk edir. Bununla belə, demoqrafik proseslər mənfi istiqamətdə davam edir. Ermənistan o ölkələrdəndir ki, orada ölənlərin sayı doğulanların sayından çoxdur. Hətta bəziləri dözülməz şəraitin hesabına başqa-başqa ölkələrə miqrasiya edir".

Qeyd edək ki, Ermənistan ordusunun muzdlusu, 1991-ci ildə Azərbaycanın Xocavənd rayonunda anadan olmuş Andranik Qriqoryan bu il martın 22-də Azərbaycan tərəfə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə