Sərdar Cəlaloğlu “Milli Şura”ya od püskürdü İt hürər, karvan keçər

Sərdar Cəlaloğlu “Milli Şura”ya od püskürdü İt hürər, karvan keçər

"Belə bir atalar məsəli var. Dəlinin biri quyuya daş atır, min ağıllı yığışır çıxara bilmir. Ona görə də hər sərsəm fikri, ideyanı şərh etmək, ona nə isə ağıllı bir izah vermək çox çətindir. Yəni, bəzən bir ağılsız fikir deyilir. Azərbaycanın bütün ağıllı adamları yığışır ki, bu sualı necə izah edək deyə düşünür". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Milli Şura" sədri Cəmil Həsənlinin iqtidar-müxalifət dialoquna qatılan partiyalara qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

S. Cəlaloğlu deyib: "Birinci, Azərbaycanda hamının partiya üzvü, müxalifət olması tələb olunmur. Dövlətin və xalqın taleyi ilə bağlı məsələlərin həllində vətəndaşlarını hər hansı birinin iştirakı qadağan deyil. Bir an düşünək ki, həmin dialoqda nə siyasi xadim, nə də müxalifət adı daşıyan insan iştirak edir. Azərbaycanda yaşayan 20 vətəndaş bir araya gəlir və Azərbaycan dövlətinin, cəmiyyətinin ümdə maraqlarını öz aralarında müzakirə edərək, həll yollarını axtarır. Bu hüququmuz var ya yox? Əsas məsələ budur".

Partiya sədri qeyd edib ki, Azərbaycan konstitusiyasına görə, ölkə vətəndaşlarının dövlət qarşısında ölkənin təhlükəsizliyini qorumaq, inkişaf etdirmək və. s kimi borcları var: "Düşünək ki, mən Sərdar Cəlaloğlu nə siyasətçi, nə müxalifət, nə iqtidaram. Bir Azərbaycan vətəndaşı kimi Əli Həsənov da nə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, nə də rəsmi bir vəzifəsi var. Biz bir Azərbaycan vətəndaşları kimi bir araya gələrək Qarabağ probleminin həlli yollarını müzakirə edirik. Çünki, bir Azərbaycan vətəndaşı kimi bu problem bizim hər birimizi narahat edir. Bu hüququmuz var ya yox? Sən burdan çıxış et. Mənim partiya sədri, alim, müxalifət, iqtidar olmamı qoy kənara. Bunlar mənim sifətlərimdir. Mənim burada vətəndaş kimi iştirak etməm var. Yəni, zəmin budur. O adamlar ki, dövlətin və cəmiyyətin problemlərinin müzakirəsində, mən müxalifətəm, radikal müxalifətəm, ağıllı adamam, aliməm, iqtidaram kimi müxtəlif adlar altında iştirak etmirlərsə, kənarda dururlarsa, bu həmin adamlarda vətəndaşlıq zəminin olmadığını göstərir. Məmməd Araz isə deyir ki, vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Yəni belə adamlar dövlətin qurulmasında iştirak edə bilməz. Sən müxalifətsən, alimsən və ya Azərbaycan iqtidarında bir nazirsən. Amma, bu dövlətin və cəmiyyətin heç bir probleminin həllində tükünü tərpətmirsənsə, iştirak etmək istəmirsənsə, kimləsə əməkdaşlıq etmək istəmirsənsə, sənin bu müxalifətçilik, alimlik, hakimiyyətdə olma sifətin kimin nəyinə lazımdır? Ay bədbəxt".

"Doğrudanmı "Milli Şura"ya yığışanlar doğrudanmı dövlətin və cəmiyyətin problemlərinin həllini müzakirə etmək istəyirlərmi? Bu sahədə bir iş görmək istəyirlərmi? Sən bunu dəyərləndirməlisən. Çünki, əsas niyyətdir, görünüş, pafosla danışmaq, hind quşu kimi boğazını dik tutub ora-bura təkəbbürlə baxmaq deyil. Əgər sən hər hansı bir problemi həll etmək üçün bir araya gəlibsənsə, ən böyük dəyərin budur. Yoxsa, sən sinənə dörd medal as, özünü radikal müxalifət, ana müxalifət, ən böyük qüvvə, xarici qüvvələrin ən çox dəstəklədiyi qüvvə adlandır, amma Azərbaycanın heç bir probleminin həllində iştirak etmə, olduğun 25 il ərzində Azərbaycan xalqına heç bir xeyir vermə, əlinə düşən fürsəti burax və xalqa ən böyük ziyanı ver, sonra da de ki, mən haqlı adamam". - S. Cəlaloğlu bildirib.

Partiya sədri vurğulayıb ki, bu gün Azərbaycanda ictimai-siyasi məsələlərlə bağlı ən axırıncı danışmaq hüququna malik olan qüvvə Azərbaycan Xalq Cəbhəsidir: "Çünki, Azərbaycanda hakimiyyətə gəliblər və onu əllərində saxlaya bilməyiblər. Bundan sonra özlərinə guya aparıcı, ana müxalifət statusunu üzərlərinə götürdülər. Anacaq, bu 25 ildə Azərbaycanda müxalifətçilik zəiflədi. Bunların bir hissəsinin günahı iqtidarda olsa da, iqtidarın qarşısını ala bilməmək və ya qəsdən almamaq "ana müxalifətin" boynuna düşür. Məsuliyyət gələndə onlar deyir ki, biz neynəyək xalq, dünya, beynəlxalq ictimaiyyət, iqtidar, başqa müxalifət var, niyə biz tək məsuliyyət daşımalıyıq? Amma, səlahiyyət gələndə, qamarlayırlar. Deyirlər ki, bizdən başqa müxalifətçilik edənin balası ölsün. Adama deyərlər ki, sən hüquqşünassan, məsuliyyətlə, səlahiyyət bir-biri ilə bağlıdır. Məsuliyyəti olmayan adamın heç bir səlahiyyəti ola bilməz. Əgər sən Azərbaycanda baş verən bu mənfi tendensiyaların məsuliyyətini müxalifət olaraq öz üzərinə götürmürsənsə, özünə müxalifət adı götürmək səlahiyyətin yoxdur. Ona görə də səlahiyyətsiz biri kimi sənin nə danışmağının heç bir mənası yoxdur. İt hürər, karvan keçər məsəli".

Bütün xəbərlər Facebook səhifəmizdə