Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr davam edir. SİA-nın məlumatına görə, çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bilidirib ki, ABŞ-da Azərbaycanla bağlı daha çox ictimai rəy formalaşdırmaq üçün səylər artırılmalıdır.
Çıxış edən millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır: "Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardımı edir. Hətta bizim rəsmi və qeyri- rəsmi şəkildə buna etirazımız olub. Ancaq bundan imtina ediblər. Digər bir məsələ isə odur ki, BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu ATƏT-in Minks qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və istənilən şəkildə biz bunu açıq şəkildə müzakirə etməliyik".
"Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamlı, gəncləri küçələrə çıxarmamlıdır.Bunu müzakirə etməliyik - deyə, A. Quliyev qeyd edib.
Millət vəkili əlavə edib ki, ABŞ-Azərbaycan parlamentlərarası dialoqunu epizodik şəkildə yox, sistemli şəkildə təşkil edilməlidir.
Millət vəkili Asim Mollazadə isə bildirib ki, bu cür görüşlərin keçirilməsi ölkədə parlamentarizm ənənələrinin artmasının nəticəsidir: "Bu cür görüşlərin keçirilməsi dövlətimizi gücləndirə bilər. ABŞ ilə bağlı dinləmələri müsbət hesab edirəm. Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib. Bu günlərdə Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsinin növbəti ildönümü olacaq".
A.Mollazadə vurğulayıb ki, erməni diasporasının fəaliyyəti nəticəsində ABŞ öz təhlükəsizliyinə də zərər vurur: "ABŞ-da Azərbaycana qarşı yönəlmiş siyasətin arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Baxın görün digər dövlətlərə qarşı, hətta Ermənistanın kriminal rejiminə qarşı bu münasibət var? əlbəttə yoxdur".
Millət vəkili Fəzail Ağamalı isə çıxışında qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq dəyərlərə, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənin prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir: "Biz bu yolu ona görə seçməmişik ki, ABŞ-ın xoşuna gələndir və yaxud da onun siyasətçilərinin hər hansı bir bəyanatında adımız getsin və yaxud da ki, Avropa ölkələri ilə bizim münasibətlərimizdə hansısa müsbət çalarlar öz daha yüksək şəkildə ifadə etsin. Biz bu yolu ona görə seçmişik ki, biz bu yol bəşəriyyətin son illərdə, son dövürlərdə tutmuş olduğu ən düzgün yoldur. Azərbaycan da o yol ilə gedir və beynəlxalq aləmdə də, qonşularına da, dünya dövlətlərinə də özünün töhfələrini verməkdədir. Ona görə də mən ABŞ-da Azərbaycanla bağlı mənfi fikirləri tam mənada subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindəyəm. Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur: "Biz ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik. ABŞ qondarma "Dağlıq Qarabağ Respublikası"na Azərbaycandan üç dəfə çox yardım edib. Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür".
Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyini sərgiləməsi bizi narahat edir: "Onlar həmişə bəyan edir ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma onlar terrorçu Ermənistanı müdafiə edir. Həmçinin, terrorçu PPK-nı müdafiə edirlər. Biz dünyanın bir sıra ölkələri ilə bu ikili standartlar əsasında işləməliyik, onlara qarşı olmalıyıq. Obama heç hansı ölkədən çıxıb heç onu mən bilmirəm".
S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq: "Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ-lı nümayəndələr ilə görüşümdə demişəm ki, ABŞ-ın son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır. Biz bu şəkildə danışmasaq bizim gələcək taleyimiz daha pis ola bilər. Xalq güclü olmalıdır. Biz bunu çox da ağrı ilə qəbul etməli deyilik. Bəzi məmurlarımız hədlərini aşırlar. Tənqidlərə nəzər salmalıyıq. Prezident İlham Əliyevin apardığı siyasət birdir, məmurların isə apardığı siyasət başqadır. Sanki siyasəti baltalamaqdır. Onlar bundan öz mənafeləri hesabına istifadə etmək istəyirlər".
Millət vəkili Sevinc Fətəliyeva sual edib ki. ABŞ-da Azərbaycanda insan haqları müzakirə olunursa, nədən 1 milyon qaçqın və məcburi köçkünün haqlarından danışılmır?
Müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB