Baş redaktor: “Hesabat kampaniyanın bir hissəsidir”

Baş redaktor: “Hesabat kampaniyanın bir hissəsidir”

"Sərhədsiz Reportyorlar Təşkilatının Azərbaycanda söz və mətbuat azadlığnın vəziyyəti ilə bağlı açıqladığı hesabat ölkəmizə qarşı məqsədyönlü şəkildə həyata keçirilən kampaniyanın bir hissəsidir". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Baş redaktor qeyd edib ki, bu kimi oxşar hadisələr ölkəmizdə beynəlxalq tədbirlər keçirilən zaman baş verir: "Əgər Azərbaycanda keçirilən "Avroviziya" müsabiqəsi öncəsi baş verən prosesləri xatırlasaq görərik ki, elə həmin dövrdə "Sərhədsiz Reportyorlar", "Amnesty İnternational" və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycan haqqında həqiqətə uyğun olmayan hesabatlar hazırlayır, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırdılar. Burada bir neçə tərəfin marağı var. Beynəlxalq təşkilatlar ayrı-ayrı xarici dövlətlər tərəfindən himayə olunur və maliyyələşirlər. Onların Azərbaycanda siyasi və iqtisadi maraqları var. Şübhəsiz ki, bu maraqlara görə həmin təşkilatlar vasitəsi ilə ölkəmizə təzyiq göstərmək istəyirlər. Burada digər faktor erməni lobbisinin fəaliyyəti ilə əlaqədardır. Beynəlxalq təşkilatların bir çoxunun rəhbərliyində bu və ya digər şəkildə, dolayısı yolla Ermənistanın, erməni lobbisinin mövqeyini müdafiə edən insanlar çalışır. Bu da kifayət qədər ölkəmizə qarşı anti təbliğatın aparılmasında öz rolunu göstərir".

E. Mirzəbəyli hesab edir ki, bütün bunların heç biri təsadüfi deyil: "Onlar kifayət qədər yaxşı başa düşürlər ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Bu da Azərbaycanın nüfuzunu yüksəldən amillərdir. Bu hal isə bir çox xarici dairələrin maraqlarına uyğun gəlmir. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunacağını bildikləri üçün ölkəmizin oyunlardan əldə edəcəyi informativ dividentlərin qarşısını almağa çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə