Əli Həsənov: "Siyasi partiyalardan təkliflər gözləyirik"

Əli Həsənov: "Siyasi partiyalardan təkliflər gözləyirik"

"Bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır. Biz iki ay bundan əvvəl siyasi partiyalarla ilk görüşümüzü keçirdik və bu görüşdə siyasi partiyalar ilə hakimiyyət nümayəndələri arasında gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqunda deyib.

Ə. Həsənov bu gün keçirilən görüşdə müzakirə olunacaq məsələləri də açıqlayıb: "Ötən görüşdə partiya sədrləri görüşlərin formatı, qaldırılacaq məsələlərin tematikası, görüşlərdən sonra bu məsələlər ətrafında cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, mesajlar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri, rolu, mövqeyi, ictimai siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiyalar və Azərbaycanın daxili, xarici siyasəti, bu siyasətin formalaşmasında siyasi partiyaların rolu, iştirakı və digər məsələlər ətrafında çıxış etmişdilər. Açığı deyim ki, hər bir çıxışda kifayət qədər rassional ideyalar var idi. Bu ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı və müvafiq olaraq da gələcək toplantılarımızda biz bu məsələlərin üzərinə qayıdacağıq. Bu gün burada yenə konkret bir tematika və yaxud konkret bir məsələ ətrafında yığışmamışıq. Hansı məsələnin müzakirə olunacağı da müəyyən olunmayıb. Hesab edirəm ki, artıq bugünkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olması üçün burada bu görüşlərin formatını, tematikasını və görüşlərin sonrakı effektiv nəticələrini müzakirə etməliyik. Bu gün görüşlərin sonrakı formatı, tematikası, görüşlərdə səslənən məsələlərin ümumiləşdirilib nəzərə alınması, onların həyata keçirilmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".

Ə.Həsənov bildirib ki, siyasi partiyalar ilə hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər: "Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək taleyi ilə yanaşı, siyasi, ictimai-sosial idarəçiliyinin, eləcə də daxili-xarici siyasətinin taleyini müəyyən edir".

PA rəsmisi qeyd edib ki, hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif mövqe sərgiləyən siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər: "Mən əminəm ki, burada da siyasi partiya sədrlərindən belə yaxşı ideyalar, yaxşı mövzular təklif olunacaq və biz gələcəkdə görüşdən görüşə o məsələləri müzakirə edib bəlli fikrə gələcəyik. Biz siyasi partiyalardan təkliflər gözləyirik".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə