Politoloq: “Hər şey yeni səfirin davranışından asılı olacaq”

Politoloq: “Hər şey yeni səfirin davranışından asılı olacaq”

"Ümid edirəm ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı mənafeyinə xidmət göstərəcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.

Politoloq bildirib ki, hər şey yeni səfirin davranışından asılı olacaq: "Hər bir səfirin şəxsi keyfiyyətlərinin dövlətlərarası münasibətlərin sonrakı inkişafına və ya əksinə problemlərin yaranmasına təsiri var. Amma səfir ABŞ Dövlət Departamentinin işçisidir, Senatda və ABŞ prezidenti tərəfindən təsdiqlənir. Bu baxımdan o ABŞ-ın milli maraqlarını həyata keçirir. Yəni, ABŞ administrasiyasının müəyyən etdiyi siyasi kursu həyata keçirir".

E. Nəsirov qeyd edib ki, səfirlərin fərdi xüsusiyyətlərinin də ölkələr arasındakı münasibətlərin formalaşmasında mühüm rolu var: "Elə səfirlər var ki, təxribatçı informasiyaları ABŞ-a ötürməklə münasibətlərin gərginləşməsinə xidmət göstərir. Ümid edirik ki, ABŞ Azərbaycanın regiondakı rolu və yerini bir daha qiymətləndirib, indiki geopolitik vəziyyəti, xüsusilə Rusiya ilə qarşıdurma, Ukrayna böhranı fonunda yaranmış gərginliyi və bu kimi digər amilləri nəzərə alacaq, Azərbaycanın regionda əhəmiyyətini bir daha dərk edəcək. Ümid edirəm ki, Robert Sekuta öz fəaliyyətində iki ölkə arasında münasibətlərin inkişafı mənafeyinə xidmət göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə