Bu gün Azərbaycan Respublikası Prezidentinin 29.12.2014-cü il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən icra edilib. SİA-nın məlumatına görə, əfv olunmuş 87 nəfər məhkumdan Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 80 nəfərə Əfv haqqında Sərəncam tətbiq edilib. 29 dekabr 2014-cü il tarixdə sayca 58-ci olan Əfv barədə Sərəncamın icrası Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, Ombudsman aparatının, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə Sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, Prezident Sərəncamının təxirəsalınmadan icrasını təmin ediblər.
Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər. Natiqlər Prezident İlham Əliyevin bu humanist addımının dünya azərbaycanlılarının həmrəylik günü ərəfəsində yüzlərlə ailəni sevindirdiyini vurğulayıblar.
Əfv edilmiş şəxslərə cəzadan azad olunma haqqında arayışlar təqdim edilib, onlara yardımlar göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilib.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyevin bu humanist addımını yüksək dəyərləndirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, əfv olunanlar arasında "Nida" Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.
Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB