Zahid Oruc: “Bu situasiyada itirən heç bir halda Azərbaycan olmayacaq”

Zahid Oruc: “Bu situasiyada itirən heç bir halda Azərbaycan olmayacaq”

"Hesab edirəm ki, bu açıqlamada hədələyici ton var. Orada Azərbaycanı itirmək işarəsi ilə bir qorxutma mövqeyi var. Sanki, göstərmək istəyirlər ki, bölgədəki vəziyyət istənilən halda qarışdıra və dəyişə bilərlər". Bunu SİA-ya millət vəkili Zahid Oruc ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycan haqda dediklərinə münasibət bildirərkən deyib.

Z. Oruc deyib: "Halbuki Azərbaycan qəti şəkildə ABŞ-la münasibətlərini korlamaq, özünün siyasətinə yenidən baxmaq, tamamilə, üzünü fərqli məkanlara çevirmək niyyəti güdməyib. Özünü indiyə qədər ABŞ-dan maliyyələşən medianın təmsilçiləri kimi tam toxunulmaz kastanın üzvləri kimi aparan adamlara münasibətdə real hüquqi müstəvidə addımlar atılıb. Bu ABŞ-la əlaqələri dayandırmaq cəhdidir ki? Ona görə də hazırkı dövrdə fərdi olaraq, bir neçə insanın haqqını millətdən, xalqdan, dövlətdən yüksəyə qaldırmağın özü münasibətlərə mənfi təsir göstərir. Bunun günahını Azərbaycan ayağına qəti şəkildə yazmaq olmaz".

Z. Oruc hesab edir ki, belə açıqlamalar ABŞ-ın ümumi rəhbərliyinə, onun bölgədəki maraqlarına zərbə vurur: "Çünki, bu situasiyada itirən heç bir halda Azərbaycan olmayacaq. Yəni, bununla onu demək istəmirik ki, Qərb bundan daha çox itirəcək. Ancaq, hər halda hazırkı dövrdə şəraitin belə bir vəziyyətə gəlib çatmasında ABŞ səfirliyi real addımlar atmalıdır. O cümlədən Con Kerrinin timsalında Azərbaycana, bölgəyə səfərləri olsa, bir sıra həqiqətlər daha üst səviyyədə müzakirə oluna bilər və bir daha dövlətimizin mövqeyi məramı, yeritdiyi real kurs, ifadə olunacaq".

Millət vəkili qeyd edib ki, X. İsmayıl ətrafında vəkillik etmək, bunu bütövlükdə iki dövlətin təhlükəsizlik, iqtisadi, siyasi, diplomatik və regionun geopolitik məsələlərindən üstün yerə qaldırmaq, onu vaz keçilməz bir fiqura çevirmək çox yanlışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə