Hafiz Hacıyev: “Leyla Yunus haqqında bütün faktlar ortadadır” MÜNASİBƏT
"Leyla Yunus barədə və bu gün onun Avropa Parlamentinin sədri tərəfindən müdafiə olunması haqqında bircə onu deyə bilərəm ki, bu, faktiki olaraq Azərbaycana qarşı atılmış həyasızlıq addımıdır". Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir sıra beynəlxalq qurumların rəhbərləri tərəfindən Leyla Yunusun azadlığa buraxılması tələblərinə münasibət bildirərkən deyib.
MMP sədri qeyd edib ki, bu hal birinci dəfə təkrarlanmır və burada Qərbdə fəaliyyət göstərən erməni lobbisinin də təsiri mövcuddur: "Kimsəyə sirr deyil ki, bu gün Leyla Yunusun erməni dəyirmanına su tökməsinin əsas tərəflərindən biri, məhz erməni lobbisidir. Bu gün Avropa Parlamentinin sədri Şultsu da dilə gətirən, məhz erməni lobbisidir. Çünki o da siyasi korrupsiyaya bulaşmış şəxsdir. Leyla Yunus haqqında olan bütün faktlar isə ortadadır.
Digər tərəfdən, bu adamları demokratiya və bu kimi anlamlar maraqlandırmır. Onların məqsədləri Azərbaycanın inkişafının qarşısını almaq, erməni lobbisi qarşısında divident əldə etməkdən ibarətdir. Leyla Yunus kimiləri isə onlara bu işdə yardım edirlər. Ona görə də bizlər zaman-zaman belə bəyanatları eşidəcəyik. Ancaq real qəbul etməyəcəyik. Yaxşı olardı ki, avroparlamentarilər Qərbdə, ABŞ-da baş verən polis zorakılığı, irqi məsələlərin qabardılması ətrafında başlarını sındırsınlar, çıxış yolları axtarsınlar. Yoxsa ki, Leyla Yunus kimi ünsürlərə başlarını qatıb, ayılacaqlar ki, Avropa, Qərb antidemokratiya burulğanında batmaq üzrədir".
Hafiz Hacıyev daha bir maraqlı məqama toxunaraq bildirib ki, belə faktlardan biri də Leyla Yunusun Ermənistandakı əsas müdafiəçisi Laura Baqdasaryanla bağlıdır: "Bugünlərdə məlum olub ki, Laura Baqdasaryan hüquq müdafiəçisi kimi Leyla Yunusa dəstək məktubu ünvanlayıb. Məgər bu faktın özü cəmiyyətə hər şeyi demirmi? Fakt da budur ki, Leyla Yunus erməni bacılığı tərəfindən dəstək alır, sonra da onu müdafiə edən Xədicə İsmayıl, Əli Kərimli kimi vətən xainləri iddia edirlər ki, onun xalq qarşısında, dövlət qarşısında heç bir günahı yoxdur. Amma günah gördüyümüz kimi ortadadır. Aparılan istintaq yekunlaşdıqda isə bu faktlar daha aydın şəkildə ictimailəşdiriləcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB