Müsavatın rayon təşkilatlarında fikir AYRILIĞI

“Cəza mexanizminə son qoyulmalıdır!”
Müsavatın rayon təşkilatlarında fikir AYRILIĞI

Müsavat Partiyasnda davam edən böhranlı vəziyyət adıçəkilən siyasi qurumun rayon təşkilatları arasında da fikir ayrılıqları ilə müşahidə edilir. SİA-ya daxil olan məlumata görə, partiyaya yaxın media orqanında və sosial şəbəkədə iki cinaha ayrılmış rayon təşkilatları mövcud vəziyyəti ittiham şəklində dəyərləndirirlər.

Müsavatın Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli partiya üzvlərinin yeni başqanlıq tərəfindən cəzalandırılmasının qəti əleyhinə olduğunu deyib və parçalanmanın baş verməsini istisna etməyib: "Bu vəziyyətdən çıxış yolu kimi başqa addımlar atılmalıdır. Partiya rəhbərliyi ən azından siyasətini dəyişməlidir. Hazırda partiyanın iki yerə bölündüyü göz önündədir. Partiya rəhbərliyi bu iki qrupun arasında birlik yaratmalıdır. Çünki burada söhbət 3-5 nəfərdən getmir. Bölünən tərəflər demək olar ki, yarıbayarıdır. Partiyanın elitası istefa verir. Düzdür, yeni simalar gətiriblər. Ancaq Hikmət Hacızadəni, Nəsib Nəsiblini əvəz edəcək kadrlar Müsavatda yoxdur. Buna görə də düşünürəm ki, rəhbərlik bir addım atmalı və istefaların qarşısını almalıdır. Həmçinin cəza mexanizminə son qoyulmalıdır".

Partiyanın İsmayıllı rayon təşkilatının sədri Vidadi Həmidli də mövcud vəziyyətdə başqan Arif Hacılını, eks-başqan İsa Qəmbəri və onun ətrafını ittiham edib: "Düşünürəm ki, Arif bəy narazı tərəfi yığıb danışıq aparmalı, onları dinləməlidir. Arif bəy buna mütləq təşəbbüs etməlidir. Həmçinin İsa Qəmbər də bu işə qarışmalı və fikrini bildirməlidir".

Müsavatın Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli isə qeyd edib ki, kimlərisə cəzalandırmaq çıxış yolu deyil: "Partiyada baş verən son olaylarla əlaqədar onu demək istəyirəm ki, bunlar heç xoşagələn vəziyyət deyil. Təbii ki, bu vəziyyət partiyanın birliyini sarsıdacaq haldır. Tərəflər bir-birini günahlandırırlar. Ancaq mən düşünürəm ki, günahkar axtarmaq lazım deyil. Qurultay keçirilib və heç kimin də şübhəsi yoxdur ki, Müsavat Partiyasında şəffaf seçkilər olub. Seçkinin nəticələrini hər kəs qəbul etməli idi və bu cür söz-söhbətlər lazım deyildi. Çünki bu cür söz-söhbətlər cəmiyyətdə Müsavat Partiyası haqqında pis fikirlər formalaşdırır. Partiya rəhbərliyi lazımi addımlar atıb bütün bunlara son qoymalıdır. Kimlərisə cəzalandırmaq çıxış yolu deyil".

Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri İlqar Mustafayev bildirdi ki, partiyadan istefa verib hara getsələr, yolları birdir: "Qurultaydan sonra bu insanlar heç bir tədbirdə iştirak etmirlər və süni şəkildə problemlər yaradırlar. Mən buna çox təəssüf edirəm. Partiyadan getmək istəyənlərə onu deyim ki, hara getsələr də, yolumuz, fikirlərimiz birdir. Heç kim heç kimin təbliğatını aparmır. Hər kəs öz ağlı öz istəyi ilə qurultayda səs verib. Müsavat Partiyasında özünə mövqe tutmuş insanlara dərs keçməyin mənası yoxdur".

Partiyanın Zaqatala rayon təşkilatının sədri Kamil Xeyrullayev isə Arif Hacılının tərəfdarı qismində fikir bildirərək belə hesab edir ki, partiyada baş verən söz- söhbətlərin qarşısını almaq üçün sadəcə olaraq dərindən düşünmək lazımdır: "Partiyada əslində heç bir problem yoxdur. Partiya üzvlərinin gözünün qarşısında səsvermə oldu, Arif bəy də başqan seçildi. Kim bunu həzm edə bilmirsə, bu onların problemidir. Müsavat Partiyası bu cür xırdalıqlara görə zərər çəkməz. Əksinə, bu problemi yaradanların özləri zərər çəkərlər…"

Qeyd edək ki, Müsavatdan istefa verən tərəflər narazıların fraksiyasını yaratmaq üçün hazırlıqlara başlayıblar və onların əsas tələbləri növbədənkənar qurultayın keçirilməsi, başqanlıq seçkisində ikinci turun keçirilməsi və yenidən Məclisə, Divana üzvlərin seçilməsindən ibarətdir. Partiyanın yeni rəhbərlik strukturu isə onların bu tələblərinin nizamnaməyə zidd olduğunu əsas gətirərək, həmin tələblərin yerinə yetirilməsinin mümkünsüzlüyünü bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə