Nərimanov rayonunda 9 ayının yekunları müzakirə olunub FOTOLAR
Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində rayonun 2014-ci ilin doqquz ayı üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev qeyd edib ki, Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov geniş hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq qeyd edib ki, rayon sakinləri onların problemlərinin həlli istiqamətində görülən işlərdən məmnundurlar.
Hesabat iclasının yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş rayonun təhsil müəssisələrinin müəllimlərinə və rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən digər şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələri təqdim olunub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB