Fərəc Quliyev: “Forum ölkəmiz üçün çox əhəmiyyətli oldu” MÜNASİBƏT

Fərəc Quliyev: “Forum ölkəmiz üçün çox əhəmiyyətli oldu” MÜNASİBƏT

"IV Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi göstərdi ki, Azərbaycan çox ciddi məsələlərin müzakirə olunduğu ölkədir". Bunu SİA-ya Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.

F. Quliyev vurğulayıb ki, forum zamanı müzakirə olunan məsələlər olduqca əhəmiyyət kəsb edir: "Multikulturalizmlə bağlı olan məsələlərin müzakirəsi olduqca əhəmiyyətlidir. Çünki, Azərbaycan bu forumda tolerant baxışlarını bir daha sərgilədi. Azərbaycan etnoslararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərdə çox tolerantdır. Forum zamanı bunu nəzəri və əməli cəhətdən həm bəyan, həm də təbliğ etdi. Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil. Azərbaycanda müxtəlif etnosların nümayəndələri yaşayır. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar paralel fəaliyyət göstərir. Yəni, ölkəmizdə dinlərarası, mədəniyyətlərarası tolerantlıq var. Forumda bu da həm təbliğ olundu, həm də nəzəri baza olaraq müzakirə olundu".

Millət vəkili hesab edir ki, forum elmi cəhətdən Azərbaycanın potensialının olması və dünya elminə verə biləcəyi töhfələrin təbliği baxımından da əhəmiyyətli olub: "Forumda müxtəlif elm sahələri üzrə ən modern reseptlərin təqdimatında Azərbaycan tərəfi öz sözünü dedi. Yəni, forum həm elmi, həm humanitar, həm də siyasi baxımdan ölkəmiz üçün çox əhəmiyyətli oldu".

"Forumda media ilə bağlı səslənən fikirlər göstərdi ki, Azərbaycan bu məsələlərdə çox demokratikdir və medianın inkişafı üçün bütün şəraiti yaradır. Bəzi QHT-lər, şəxslər guya Azərbaycanda internet qadağaların olması, medianın azad olmaması haqqında fikirlər səsləndirirdilər. Bu cəfəngiyyatdır. Hamı bilir ki, Azərbaycanda internet qadağası yoxdur, istənilən adam saytlar aça, sosial şəbəkədə istənilən fəaliyyətlə məşğul ola bilər" - deyə, F. Quliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə