Avrasiya iqtisadi ittifaqında Qazağıstan və Belarus Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqələrinin yaradılması istiqamətində tələb qoyublar. SİA-nın məlumatına görə, bu barədə Yerevan mətbuat klubunun sədri Boris Navasardyan jurnalistlərlə söhbətində deyib.
Navasardyanın sözlərinə görə, Qazağıstan və Belarus fəal şəkildə Azərbaycanın maraqlarını müdafiə edir və həmin ölkələrin planına əsasən, Ermənistandan Dağlıq Qarabağa göndərilən məhsullar sözügedən gömrük məntəqəsindən keçməli olacaq: "Bu prosedur qaydaları heç olmasa formal olaraq həyata keçirməlidir. Praktiki prosedura gəldikdə isə, bunun sonrakı icrası Rusiya-Ermənistan arasındakı münasibətlərindən asılıdır. Məsələn, Rusiya deyə bilər ki, "mən nə deyirəmsə, siz də onu edəcəksiniz"". Qeyd edək ki, Mətbuat klubunun rəhbəri bu sözləri çox pəjmürdə halda səsləndirib.
Boris Navasardyan eyni zamanda bildirib ki, Dağlıq Qarabağ məsələsi hazırda Avrasiya İttifaqı ölkələrinin müzakirəsində yoxdur. Belə ki, bu məsələnin müzakirəsi gələcəyə saxlanılıb: "O da aydındır ki, Avrasiya iqtisadi ittifaqında Dağlıq Qarabağ olmayacaq. Hətta hakimiyyət nümayəndələri də bu barədə dolayısı ilə etiraflarını ediblər. Ancaq Ermənistanla Qarabağ arasında yaradılacaq sərhəddə nə baş verəcəksə, bu anlaşılan deyil.
Erməni analitikləri də bununla bağlı bildirirlər ki, Ermənistanın Avrasiya İttifaqına qəbulu gecikdirilir. Buna səbəb isə Qazağıstan və Belarusun Ermənistanla Dağlıq Qarabağ arasında gömrük və sərhəd məntəqələrinin yaradılması tələbidir.
Göründüyü kimi, Qazağıstan və Belarus sözügedən tələblərini reallaşdırmaqdan ötrü qəti tələblərini ortaya qoyublar. Bu tələb isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirirlər. Əgər sözügedən gömrük və sərhəd məntəqələri Ermənistan və Dağlıq Qarabağ arasında yaradılarsa, bu həmin faktoru bir daha təsdiq edəcək. Artıq belə bir fikir də irəli sürmək mümkündür ki, Qazağıstan və Belarus həmin tələbləri ilə Dağlıq Qarabağı Azərbaycana daha yaxınlaşdıracaqlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB