Baş nazirin müavini: “Ermənistan bölgədə sülh, əminamanlıq üçün ən böyük təhlükədir”
"Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub. Bununla belə, xalqımız bu yolda şəhid verməyə və bu müqəddəslik zirvəsinə yüksəlməyə hazır olduğunu dəfələrlə bəyan edib". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, sərhədlərimizdə keşik çəkən, Azərbaycanın ərazilərini qoruyan gənclərimiz göstərdikləri şücaətlə buna hazır olduqlarını da ifadə ediblər: "Bizim istəyimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın və qan tökülməsin. Hər bir tökülən qan, itirilən insan həyatı (ailəsi, yaxınları, bütövlükdə dövlətimiz üçün) bir faciədir. Biz istəmirik ki, torpaqlarımızın geri qaytarılması bu faciələr üzərində olsun. Nə vaxt ki emənilər bunu başa düşəcəklər, bu zaman dinc yolla, qan tökmədən insanların həlak olmasına səbəb olmadan torpaqları azad etməyə razı olacaqlar. Amma bu hadisələr göstərir ki, görünür onlar heç də buna hazır deyillər və dərk etmirlər. Yəqin ki, Azərbaycan xalqının səbri tükənəcək və Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə, əmrinə əsasən bütün Azərbaycan xalqı öz torpağını qorumaq üçün ayağa qalxacaq. Ermənilərin Azərbaycana müqavimət göstərməyə (iqtisadi, siyasi sabitlik cəhətdən, əhali baxımından) gücü qalmayıb.
Bu gün Azərbaycan təkcə iqtisadiyyatına görə Ermənistandan 10 dəfə güclü və əhalisinin sayına görə 3-4 dəfə üstündür. Təbii ki, bu parametrlərə görə Ermənistanın Azərbaycana müqavimət göstərmək və yaxud ölkəmizin gücü qarşısında tab gətirmək imkanları yoxdur. Azərbaycan həmişə sülhsevər millət, xalq və dövlət olduğunu göstərib və bu gün də göstərir. Biz şəhid verməyimizə baxmayaraq, əlavə qanların tökülməsinin tərəfdarı deyilik. Amma o şərtlə ki, ermənilər bunu başa düşsünlər və torpaqların geri qaytarılmasının zərurliyini anlasınlar. Görünür ki, onların havadarları da bölgədə gərginliyin saxlanılmasında tərəfdardırlar.
Bu hadisələr bir daha onu göstərdi ki, Ermənistan bölgədə sülh, əminamanlıq üçün ən böyük təhlükədir. Onların təxribatları, öz qeyri-konstruktiv hərəkətləri, işğalçılıq siyasətini davam etdirmək istəkləri bölgədə sülhə, sabitliyə və əminamanlığa təhlükədir. Eyni zamanda Ermənistan terrorçu rejimini dəstəkləməklə bütün dünyada terrorçuluğun tərəfində dayandığını bildirib. Bununla da Ermənistan hakimiyyəti bütövlükdə dünya üçün baş ağrısına, bəlaya çevrilib. Güman edirəm ki, bütün dünya icitmaiyyəti dünyada , Avropada, Cənubi Qafqazda əminamanlığın, sabitliyin möhkəm əsaslar üzərində dayanması naminə Ermənistana öz təpkisini göstərəcək. Azərbaycan dövləti, xalqı, ordusu isə həmişə ermənilərə, onların törətdikləri bütün təxribatlara layiqli cavab vermək qüdrətində, imkanındadır.
Biz əslində müharibə şəratindəyik. Baxmayaraq ki atəşkəs rejimi mövcuddur. Şəhidlərimiz bundan əvvəl də olub. Güman edirəm ki, şəhidlərimizin ölümü ilə bağlı matəm elan olunması da müzakirə predmeti oluna bilər. Təbii ki, buna hökumətimiz tərəfindən müvafiq reaksiya verilə bilər. Biz matəm elan etmək haqqında yox, düşmənə layiqli cavab vermək barədə düşünməliyik. Hesab edirəm ki, bizi düşündürən birinci məsələ elə bu olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB