YAP rəsmisi: “Erməni deputatların Bakıya gəlişi təxribata hesablanmışdı” MÜNASİBƏT

YAP rəsmisi: “Erməni deputatların Bakıya gəlişi təxribata hesablanmışdı” MÜNASİBƏT

"Əslində erməni deputatların Bakıya gəlişi təxribata hesablanmışdı. Onlar çalışırdılar ki, Azərbaycan-NATO münasibətlərinə xələl gətirsinlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov NATO PA-nın Bakıda keçirilən seminarında erməni deputatlarının təxribatlarına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, erməni deputatlar NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında iştirakları zamanı müxtəlif təxribatçı və insanı hiddətləndirən məsələlərə, yalanlara, böhtanlara yol verərək, Azərbaycan dövləti, Dağlıq Qarabağ münaqişəsi haqqında, o cümlədən ölkəmizdə olan digər hadisələrlə bağlı fikirlər söyləyirdilər: "Bunların da əsas mənbəyini Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları (QHT) və müxalifətdə olan bir sıra siyasi partiyalar təşkil edir. Həmin deputatlar hər bir istinadlarını bu qurumlarla bağlayırdı və onlara əsaslanırdılar. Onlar Azərbaycanda nə qədər çalışsalar da, heç bir təxribat baş tutmadı. Əksinə, Bakıya 20 dövlətdən 60-a yaxın nümayəndə gəldi və gördü ki, azərbaycanlılar çox dözümlülük göstərirlər və onların heç bir provakasiyasına uymurlar.

Onlar çalışırdılar ki, biz tərəfdən onlara qarşı hər hansı bir kəskin reaksiya olsun, amma bu baş vermədi. Əksinə onlar getmək istədikləri yerdə tam azad idilər. Bu baxımdan hesab edirəm ki, onların öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı verdikləri təxribat xarakterli bəyanatlar, sırf yerli hakimiyyətlə münasibətlərə uyğun olan bəyanatlardır. Hesab edirəm ki, onların Azərbaycanda və öz ölkələrində vəziyyətlərinin necə olduğu bir daha dünya ictimaiyyətinə sübut olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə