Aydın Hüseynov: “Leyla Yunusdan başqa hansı hərəkətləri gözləmək olar ki?” MÜNASİBƏT

Aydın Hüseynov: “Leyla Yunusdan başqa hansı hərəkətləri gözləmək olar ki?” MÜNASİBƏT

Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus bütün varlığı ilə bu torpağa, bu xalqa düşmən kəsilmiş bir fərddir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov SDİ rəhbərinin NATO-nun ölkəmizdə keçirilən seminarında "siyasi məhbus" iddiası və erməniçilik mövqeyinə münasibətini bildirərkən deyib.

Aydın Hüseynov bununla bağlı qeyd etdi ki, bu adamdan onsuz da başqa cür hərəkət gözləmək lazım deyil: "Ümumiyyətlə, Leyla Yunusdan başqa hansı hərəkətləri gözləmək olar ki? Gəlin onun fəaliyyətini bir daha təftiş edərək, nəzərdən keçirək. Bu adam hələ AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində, məsul vəzifə daşıyarkən, dövlət sirrlərini erməni xüsusi orqanlarına satmaqla məşğul idi. Bütün bunlardan sonra ondan hər hansı bir dövlətçilik addımını atması məncə, çox gülünc səslənər".

YAP rəsmisi onu da vurğulayıb ki, Ermənistanda Leyla Yunusu bu ölkənin işğalçılıq siyasətini dəstəkləyən adam kimi tanıyırlar: "Əgər Leyla Yunus hər hansı bir tədbir adı altında işğalçı ölkəyə səfər edib, onların maraqlarını təmin edirsə, demək o, həm xəyanətkar, həm də Azərbaycana qarşı düşmən kəsilmiş şəxsdir. Hesab edirəm ki, onun barəsində aparılan istintaq araşdırmaları hələ çox faktları üzə çıxaracaq".

Aydın Hüseynov daha bir məqama toxunaraq deyib ki, Azərbaycan bütün sahələrdə güclü inkişaf mərhələsini yaşamaqdadır. Ölkəmiz regionda və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Belə olan halda, bizi istəməyən qüvvələr məhz Leyla Yunusdan, həmçinin, müxalifətin radikal qanadından kifayət qədər istifadə etməyə çalışır: "Leyla Yunus bütün hallarda öz varlığını ermənipərəst qüvvələrə, Qərbin qaranlıq siyasi dairələrinə satıb. Çünki onu milli maraqlar deyil, gəlir mənbəyi, pul-para maraqlandırır. Təbii ki, vicdanını pula satan bir adamdan da yalnız belə addımları gözləmək olar. Pul Leyla Yunus üçün hər şeydir. Ancaq düşünürəm ki, bir gün Leyla Yunusu pulla alıb istifadə edənlər bir gün elə onun özünü də bir kənara atmalı olacaqlar. Çünki güclü, qüdrətli Azərbaycan heç vaxt belə ucuz məsələlərdən təsir görməyib. Yəni sonda Azərbaycana qarşı çıxn qüvvələr də anlayacaqlar ki, onlar boş yerə vaxt sərf edirlər. Bax onda Leyla Yunus bir kənara atılacaq. Buna hər kəs əmin olmalıdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə