Novruz Məmmədov: “Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir” MÜSAHİBƏ
Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə müsahibəsi:
- Novruz müəllim, Ermənistanın atəşkəs rejimini pozması və Naxçıvana qarşı təxribatçı hücum planlarına dair mətbuatda mütəmadi yazılar dərc olunur. Sizcə bu məsələlər nədən qaynaqlanır?
- Ermənistan tərəfinin bu cür fəndlərdən istifadə etməsi ilk belə hadisə deyil. Bütün bunların hamısı danışıqlar prosesinə və onunla bağlı indiki vəziyyətə təsir və təzyiq göstərməyə hesablanıb. Bir müddət əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri də regiona mütəmadi olaraq səfər edib. Bununla belə bir sıra dövlətlərin rəhbərləri - Fransanın prezidenti, Avropa Şurasının rəhbərləri də qeyd edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addımlar atmaq lazımdır. Hətta Fransa prezidenti Fransua Olland da deyib ki, onun ölkəsi də bu məsələdə çox fəal iştirak etməyə hazırdır. İndi həm Fransa, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı pis-yaxşı müəyyən təkliflər ortaya qoyurlar ki, bu istiqamətdə iş getsin. Bax bu, erməniləri müəyyən qədər təşvişə salır. Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir. Onlar isə bundan həmişə qaçırlar. Məhz buna görə də bu cür provokasiya xarakterli fikirlər səsləndirirlər ki, müəyyən mənada ümumi prosesə mane olsunlar.
- Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın mövqeyini bəyan etməsi Ermənistan rəhbərliyini ciddi təşvişə saldı. Bundan sonra işğalçı ölkənin atacaqları addımlar nədən ibarət ola bilər?
- Təbii ki, bu, Ermənistanda ciddi narahatlıq yaratmalıdır. İşğalçı ölkənin həmişə böyük iştahı olub. Azərbaycan Prezidenti İlham Əliyevin də bu məsələ ilə bağlı atdığı addım onların iştahlarını boğazlarında qoyub. Əvvəlcədən ölkə Prezidenti İlham Əliyev bütün beynəlxalq ictimaiyyətə, o cümlədən Avrasiya İqtisadi İttifaqını yaradan əsas dövlətlərə xəbər göndərərək, ölkəmizin mövqeyini şərh edib: "Həmin mövqe də ondan ibarətdir ki, hər hansı bir dövlət qurum yarada bilər və bu, onların suverən hüququdur. Amma beynəlxalq hüququn prinsipləri mütləq yerinə yetirilməlidir. Təbii ki, Azərbaycan dövləti də bunu göstərdi və çox yaxşı oldu ki, onların hər biri bundan məlumatlı oldular. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bununla bağlı həm iclas zamanı, həm də ondan sonra Ermənistan tərəfinə mövqeyini bildirdi. Nazarbayev rəsmi İrəvanın diqqətinə çatdırdı ki, Ermənistan başqa beynəlxalq təşkilatlara necə üzv və BMT-yə hansı şərtlərlə daxil olubsa, bu yolu eyni qaydada davam etməlidir. Yəni bu o deməkdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olduğu zaman Dağlıq Qarabağla heç bir əlaqəsi olmamalıdır.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir. Həmin səfər çərçivəsində ölkəmizdə hansı məsələlər müzakirə olunacaq?
- Bu gün Azərbaycan və Rusiya arasında olan münasibətlər normal inkişaf edir və geniş əlaqələrimiz mövcuddur. Azərbaycan həm Rusiya Federasiyası ilə birbaşa, həm də onun regionları ilə çox geniş şəkildə əməkdaşlıq edir. Bu yaxınlarda Rusiya Federasiyasının ayrı-ayrı subyektlərinin rəhbərləri və nazirləri Azərbaycanda səfərdə oldular. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri gözlənilir. Həmin səfərdə ikitərəfli münasibətlər ətrafında geniş fikir mübadiləsinin aparılması, hazırkı regional və beynəlxalq məsələlər haqqında mövqe bildirilərək ümumi fikrə gəlinməsi planlaşdırılır. Düşünürəm ki, bu səfər uğurlu olacaq.
- Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfeller "Qafqaza sahib olmağın yolunun Kiçik Asiyadan keçdiyinə" dair fikir səsləndirib. Bu barədə siz nə düşünürsünüz?
- ABŞ və Avropada müxtəlif adamlar var və onların hərəsi də bir fikir yazır. Azərbaycanın özünün xarici siyasətini necə qurmalı, inkişaf etdirməli və öz maraqlarını necə saxlamağın yollarını çox yaxşı bilir. Beləcə, kənardan söylənilən fikirlərin hər biri müəyyən məqsədlərə hesablanıb. Düşünürəm ki, onlara bu dərəcədə aludə olmaq lazım deyil. Ümumiyyətlə, bizim mətbuatımız belə şeylərdə daha diqqətli olmalıdır. Təəssüf ki, bizim mediada da belə hallar çox tez-tez olur. Yaxşı olar ki, Rokfeller gedib öz binesi ilə məşğul olsun.
- Son olaraq Suriyadan ermənilərin Dağlıq Qarabağ köçürülməsi məsələsi ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirədə nə qədər aktuallıq kəsb edir?
- Ümumiyyətlə, bu məsələ tək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə deyil, eləcə də beynəlxalq münasibətlərdə Azərbaycan rəhbərliyi tərəfindən müxtəlif görüşlərdə müxtəlif tərəflərlə fikir mübadiləsində ortaya qoyulur. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bu sahədə iş aparır. Bu hadisələrlə bağlı Azərbaycanın mövqeyi qəti və konkretdir. Burada başqa söz ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB