"Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTOLAR

"Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin dəstəyi və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli və həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin hazırladığı "Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, ölkənin tanınmış tarixçi alimləri, millət vəkilləri, ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edib.

Millət vəkili Fərəc Quliyev kitabın əhəmiyyətindən və cəmiyyətimiz üçün oynayacağı mühüm roldan danışıb: "Biz zaman-zaman torpaqlarımızı itirmişik. Bu gün də cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilir ki, biz nəinki Dağlıq Qarabağla bağlı olaraq, eləcə də itirilmiş əzəli İrəvan torpaqlarını da düşünməyimiz lazımdır. Artıq bu, dövlət siyasətinə çevrilmiş məsələdir. Düşünürəm ki, Azərbaycanın milli maraqlarının, özünün bütövlüyünün təmin olunması üçün onun coğrafiyasının, ədəbiyyatının, iqtisadiyyatının təqdimatı çox vacib şərtlərdən biridir. Bu mənada hesab edirəm ki, "Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabı ilk qaranquşlardan biri sayıla bilər".

Daha sonra Azərbaycan Respublikası qeyri-hökumət təşkilatları Forumunun prezidenti Rauf Zeyni "kitabın ümumi məziyyətləri, yazılış strukturu və xüsusiyyətləri", "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor rafiq Əliyev "kitabda göstərilən şəxsiyyətlər – Səttarxan, Xiyabani, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Əbülfəz Elçibəy, Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev", AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "kitabda başlıca tarixi olayların xronologiyası", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli "kitabda Güney Azərbaycan ədəbiyyatına bir baxış", filologiya elmləri doktoru, professor Vüqar Əhməd "Quzey Azərbaycan ədəbiyyatına bir baxış", AMEA Z.Bünyadov adına Şərqşünaslıq institutunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktou Əkrəm Rəhimli "kitabdakı nadir tarixi sənədlər" haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə