Müşfiq Ələsgərli: “Başqa bir ölkənin xüsusi xidmət orqanları tərəfindən ələ alınan şəxslər məntiqli görünmür"
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin SƏS TV-yə müsahibəsi
- Müşfiq müəllim, "Ayna - Zerkalo" qəzetinin Mətbuat Şurasından çıxması Elçin Şıxlının Rauf Mirqədirov məsələsini ictimailəşdirməyə cəhdi kimi qiymətləndirə bilərikmi?
- Elçin Şıxlı Mətbuat Şurasından çıxmaq qərarına bir neçə səbəb göstərib. Səbəblərdən biri Rauf Mirqədirovla bağlı olan məsələdir. Amma, Elçin müəllimin göstərdiyi səbəblərdən heç biri Mətbuat Şurasının müdaxilə edə biləcəyi məsələlərdən deyil. Eyni zamanda bu səbəblərin səviyyəsi hər halda "Ayna-Zerkalo" qəzetinin Mətbuat Şurasından çıxmasına səbəb olacaq məsələlər deyil. Mətbuat Şurasından bu məsələ ilə bağlı açıqlama bir qədər gec verildi. Bunun da səbəbi odur ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkədə deyildi. Qayıdan kimi məsələyə öz münasibətini bildirib. Mətbuat Şurasının sədr müavini olaraq mən, eyni zamanda qurumun İdarə Heyətinin digər üzvləri məsələ ilə bağlı müəyyən açıqlamalar vermişik. "Ayna-Zerkalo" qəzetinin göstərdiyi səbəblərin Mətbuat Şurasına aid olmadığını bildirmişik. Təəssüflər olsun ki, göstərdiyimiz arqumentlər, bildirdiyimiz fikirlər Elçin Şıxlıya "dəstək verən" şəxslər tərəfindən heç də birmənalı qarşılanmadı. Qəzetin Mətbuat Şurasından çıxması ilə bağlı açıqlanan səbəblərlə yanaşı, açıqlanmayan səbəblər də var. Kimsə bu məsələlərdən Mətbuat Şurasına qarşı, Azərbaycan hakimiyyətinə qarşı, ölkədə medianın durumunun neqativliyini göstərmək məqsədilə kampaniya aparmaq istəyənlər var. Yəqin ki bütün bunlar yaxın günlərdə açıqlanacaq. Əflatun müəllim dünən ölkəyə qayıdandan sonra Elçin Şıxlını görüşə dəvət edib və o isə öz növbəsində bildirib ki, Əflatun müəllim ilə olan danışıqlardan sonra müəyyən sakitləşmələr oldu.
- Jurnalist Rauf Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri məhkəmə qərarı ilə də təsdiq olunacağı təqdirdə sizcə, Elçin Şıxlı buna görə mənəvi məsuliyyət daşıya bilərmi? Çünki, sözügedən jurnalist Elçin Şıxlının rəhbərlik etdiyi qəzetin əməkdaşı idi.
- Bu çox həssas bir məsələdir. Hələlik Rauf Mirqədirov haqqında konkret məhkəmə araşdırılması aparılmayıb. Bu məsələ hələ ki istintaq dövrünü yaşayır və Mətbuat Şurası Rauf Mirqədirovun həbsindən sonra açıqlama verib. Aprelin 25-də Mətbuat Şurasının sədri bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Onlar da bildiriblər ki, əlimizdə çox ciddi faktlar var. Mətbuat Şurası tələb edib ki, istintaqdan sonra Rauf Mirqədirovla bağlı məhkəmə prosesi şəffaf keçirilməlidir və biz səsləndirilən ittihamları görməliyik. Elçin Şıxlının mənəvi məsuliyyət daşımasına gəlincə, əslində bu barədə Mətbuat Şurasının açıqlaması çox şeyi deyir. Məsələ ondadır ki, vətənə xəyanət edən, başqa bir ölkənin xüsusi xidmət orqanları tərəfindən ələ alınan şəxslər məntiqli görünmür. Məhz bu səbəbdən onlar etdikləri hərəkəti cəmiyyətə açıq şəkildə elan edə bilmirlər. Hər halda bu iki şəxs arasında olan bir prosesdir. Bunu sübut etmək üçün nə Mətbuat Şurasının, nə də Elin Şıxlının əlində imkanlar yoxdur. Ona görə də əlimizdə konkret bilgilər və məhkəmə hökmü olmadan, detallar açıqlanmadan bu barədə danışmaq düzgün deyil.
- Təsisçinin nəşrin qurultayını gözləmədən Mətbuat Şurasından çıxmasını kənar qüvvələrin baş redaktora hər hansı bir təsiri kimi qiymətləndirmək olar?
- Elçin müəllimlə müəyyən zaman Mətbuat Şurasında çalışmışıq. 2008-ci ildən 2013-cü ilə qədər birlikdə İdarə Heyətinin üzvü olmuşuq. Deyim ki, Elçin müəllim kənar şəxslərin təsiri altına düşəcək şəxs imici bağışlamır. Deyə bilmərəm ki, o kənar şəxslərin təsiri ilə bu addımları atır. Elçin müəllim həmişə çıxışlarında bildirib ki, o vətənpərvər, dövlət maraqlarına qulluq edən şəxsdir. Təsəvvür edin ki, özünü Azərbaycan ziyalısı kimi təqdim edən və Azərbaycanda valideynlərinə görə tanınan bir şəxs və bu şəxsin tabeliyində olan əməkdaş birdən-birə kifayət qədər ciddi arqumentlərlə dövlətə xəyanət ittihamı ilə həbsə alınır. Mən Elçin bəyin hazırkı durumu və verdiyi qərarları bir yoldaş olaraq məntiqlə, hüquqla əsaslandırılmış addımlar yox, gözlənilmədən rastlaşdığı situasiyada yaranmış çaşqınlığın nəticəsi kimi dəyərləndirirəm.
- Müşfiq müəllim, ümumiyyətlə jurnalistin və ya media qurumunun siyasətin içində olması jurnalist peşə davranış qaydalarının pozulması demək deyil?
- Qanunvericilik tərəfindən yanaşanda, jurnalistin hansısa siyasi partiyanın tərkibində olması qadağan edilmir. Lakin, bir şərtlə ki, onun üzvü olduğu partiyanın ideologiyası onun peşə fəaliyyətində özünü göstərməməlidir. Çox təəssüf ki, Azərbaycanda bu məsələ qarışdırılır. Kimsə kənarda hansısa partiya funksioneri olaraq daşıdığı ideologiyanı çalışır ki, media müstəvisinə gətirsin. Həmçinin bunu media reallığı kimi qələmə verməyə çalışırlar. Çox təəssüf ki, bizim barəsində danışdığımız şəxslərdə bu cür elementlər özünü göstərir.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB