Bu ilin 17 may tarixində Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə verib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, müsahibədə səfir Azərbaycan haqqında danışaraq, ölkəmizin tarixi keçmişi barədə məlumat verib və Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd edib, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulayıb.
Şahin Abdullayev Azərbaycan iqtisadiyyatının son on ildə yüksək sürətlə inkişaf edərək, dünyada ən dinamik inkişaf edən ölkə iqtisadiyyatlarından biri olduğunu bildirib və yoxsulluq həddinin ötən səkkiz il ərzində 49%-dən 5%-ə qədər aşağı düşdüyünü, Azərbaycanın xarici valyuta ehtiyatının 53 milyard dolları keçdiyini, Azərbaycan neftinin və qazının boru xətləri vasitəsi ilə dünyanın müxtəlif yerlərinə ixrac edildiyini, həmçinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda- turizm, rabitə və informasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.
Azərbaycanın turizm potensialı haqqında danışan səfir ölkəmizdə mövcud olan yay və qış turizmi barəsində məlumat verərək, 2013-cü ildə 2 milyondan artıq turistin Azərbaycana səfər etdiyini bildirib.
Azərbaycan-Misir əlaqələrinə toxunan səfir 1-6 iyun tarixlərində Misir mədəniyyət günlərinin Bakıda keçiriləcəyini bildirib və bunun iki ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB