Millət vəkili: "Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur"

Millət vəkili: "Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur"

"1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan üçün sözün həqiqi mənasında yeni mərhələ başladı". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Sahibə Qafarova deyib. O, Ulu Öndər Heydər Əliyevin qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsini dayandırdığını, beynəlxalq güclərin təzyiqlərinin qarşısını aldığını, heç kəsdən asılı olmayan, sözün həqiqi mənasında müstəqil xarici siyasət kursunun əsasını qoyduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, iqtisadi imkanlarını, dünyadakı çəkisini artırıb: "Əlbəttə ki, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən - ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Azərbaycanın xarici dövlətlərlə əlaqələrinin möhkəmləndirilməsi, bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı, dünyanın əsas güc mərkəzləri ilə əlaqələrində milli maraqlarının və ölkə mənafeyinin rəhbər tutulması, beynəlxalq təşkilatlarda və dünyada baş verən siyasi proseslərdə rolunun artırılması, sülhmeyilli addımların dəstəklənməsi və problemli məsələlərin diplomatik yolla həllinə töhfə verilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətləri təşkil edir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır" -deyə, S. Qafarova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə