“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağ məsələsinin həllində biz nikbin olmaq istəyirik: "Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.

Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə