“Meğri dəmiryolu açılarsa, Dağlıq Qarabağ işğaldan azad oluna bilər”

“Meğri dəmiryolu açılarsa, Dağlıq Qarabağ işğaldan azad oluna bilər”

"Abxaziyanın daxilində baş verənlərlə bağlı neqativ informasiyaların və təfsirlərin sayı artıb". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu prosesdə ermənilərə yaxın mətbu orqanları və ekspertlər iştirak edirlər: "Volqoqraddakı terror hadisələri ilə eyni vaxtda Abxaziya ilə bağlı neqativ informasiyaların sayının artması diqqətdən kənarda qalmır. Soçi olimpiadasının təhlükəsizliyi Rusiya üçün vacib məsələdir. Hətta bu məqsədlə o çərkəz fəalların profilaktik həbsini də reallaşdırıb. Ermənistan Prezidenti Serj Sarkisyan Şimali Qafqazda təhlükəsizlik məsələlərini uzun müddət Qərb liderləri ilə müzakirə edib. Şimali Qafqazla heç bir coğrafi, etniki və dini əlaqəsi olmayan Ermənistan Prezidentinin bu müzakirələrdə iştirakı diqqəti çəkir. Ermənistan rəhbərliyi Abxaziyada sabitliyi pozmaqla, Abxaziya ilə Rusiya arasında gərginlik yaratmaqla gürcü-abxaz dəmiryolunun açılacağına ümid yaratmaq istəyir. Dəmiryolun fəaliyyətinin qeyri-mümkünlüyü barədə indi hətta Rusiya Strateji Tədqiqatlar İnstitutunun şöbə müdiri Y. Amelina kimi ermənipərəst ekspertlər danışırlar".

Rusiya Ermənistanı Gömrük İttifaqına təkidlə dəvət etməsi ilə bağlı danışan polotoloq söyləyib ki, Rusiyanın Ermənistanı bu ittifaqa qoşulmasına məcbur etməsi iki ölkə arasında dəmiryol əlaqəsinin bərpasını zəruri edir. M. Əhmədoğlunun sözlərinə görə, gürcü-abxaz yolunun açılmaması Rusiyanın Meğri dəmiryolu məsələsini gündəliyə gətirməsi deməkdir: "Meğri dəmiryolunun açılması isə Dağlıq Qarabağın işğaldan azad olunması deməkdir. Ermənistan Dağlıq Qarabağı işğaldan azad etmək məqsədində olmadığı üçün Abxaziyada vəziyyəti gərginləşdirməklə ümumilikdə Qafqaz regionunda təhlükəsizliyə ciddi təhlükə yaratmış olur".

Bütün xəbərlər Facebook səhifəmizdə